“Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib. Corner.az xəbər verir ki, o, bu gün Bakıda 0:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyunun həlledici məqamları ilk iki qol oldu. Bizim də imkanlarımız oldu. Rəqib səhvlərimizdən sonra fərqləndi, biz isə kombinasiyalı hücumlar qurduq. Sevindirici məqam odur ki, uşaqlar oyundan qopmadılar. Onlardan razıyam. Komandama inanıram. Səhvlər olmasaydı, böyük hesabla uduzmayacaqdıq. Bununla belə, oyunda yeni səviyyəyə qalxdığımızı gördüm. Səhvsiz futbol olmur. Rəqibdən nə gözləyirdiksə, onu da meydanda gördük. Bu gün məqsədimiz dağıdıcı yox, yaradıcı, kombinasiyalı oyun nümayiş etdirmək idi. Məsələn, kubokun finalında müdafiədən oynayırdıqsa, bu dəfə məqsədimiz belə deyildi".
O, böyükhesablı məğlubiyyətə baxmayaraq, cavab oyununda sonadək mübarizə aparacaqlarını söyləyib: "Səfərə gedəndə əlimizi yana salmayacağıq".
Sadıqov yeni transferlər Rəhim Sadıxovla Rüstəm Əhmədzadənin çıxışını da dəyərləndirib: "Sadıxovun oyunundan razı qaldım. Ola bilər ki, ilk dəqiqələrdə özünü göstərə bilmədi. Amma vaxt keçdikcə topla davranışı qaydasına düşdü. Əhmədzadə də özünü yaxşı tərəfdən göstərdi. Onu ehtiyatda oturtmağı düşünmürəm".
Baş məşqçi heyəti genişləndirməyə çalışdıqlarını vurğulayıb: "Çünki komandamız əsasən gənclərdən qurulub. Yeni transferlər etməsək, mövsüm öncəsi işimiz çətin olacaq. Yaxşı legioner almağı düşünürük. Ad xatirinə transfer etmək istəmirik".
Bu komandalar arasındakı cavab qarşılaşaması iyulun 28-də Təl-Əvivdə keçiriləcək.