"Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”inə qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox danışmaq lazım deyil. Bu oyun bizim üçün vacibdir. Meydanda istəkli və aqressiv olmalıyıq. Meydana qələbə üçün çıxacağıq. Qələbə qazanmaq üçün ilk görüşdəkindən daha yaxşı oynamalıyıq".
Təcrübəli oyunçu geridönüş etməyə çalışacaqlarını sözlərinə əlavə edib: "Hesabın fərqi yoxdur. Düşünürəm ki, 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq olar".
Mahmudov "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf haqqında da danışıb: "Komandaya yeni futbolçular gəlib. Bir-birimizi daha yaxşı tanımalıyıq. Hələlik baş məşqçinin istədiyi kimi oynaya bilmirik. Oyunçular tam uyğunlaşmayıb. Bir ay ərzində baş məşqçini daha yaxşı başa düşəcəyik. Hazırda bizi yalnız nəticə qane edir".
Yarımmüdafiəçi kollektivdə motivasiyanın qaydasında olduğunu deyib: "Sabah hamı bunu görəcək. Qarşılaşmanın əhəmiyyətini dərk edirik. Qələbə üçün əlimizdən gələni edəcəyik".