"Son saniyələrdə qol buraxmaq çox üzücüdür. Amma səmimi olsaq, rəqib qoldan öncə də belə bir imkanları var idi. Bizim üçün heç nə dəyişməyib". Corner.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda Avstriyanın "Rapid" (Vyana) komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, komanda yavaş-yavaş artırır: "Futbolçuları təbrik edirəm. Çox güclü rəqibə qarşı yaxşı oynadıq və 3 real qol epizodundan yararlana bilmədik. Nəticə və oyundan razıyam. Matçdan öncə futbolçularıma demişdim ki, bu gün bizə müsbət lazımdır. Növbəti matça köklənməliyik. Vyanadakı görüş çox çətin olacaq. Sonda buraxılan qoldan narazı qaldım. Səfərdə də öz oyunumuzu oynayıb qalib gəlməyə çalışacağıq. Bunu etməsək, heç bir şansımız olmayacaq".
Rumıniyalı baş məşqçi rəqibə oyunu müdafiədən qurmağa imkan vermədiklərini söyləyib: "İkinci yarıda rəqibə boş sahə və düşünmək üçün vaxt verdik. Matçın sonlarında komandam tapşırıqları yerinə yetirməyə hazır deyil. Bu əvəzetmələrlə bağlı ola bilər".
Onun sözlərinə görə, son saniyələrdə buraxılan qol futbolçulara təsir etməyəcək: "Futbolda bu cür hallar baş verə bilər. Səfərdə də buradakı matçın 75-ci dəqiqəsinədək göstərdiyimiz oyunu oynamalıyıq. Buradakı qol epizodlarını orada da yaradıb, bunlardan istifadə etmək istəyirik. Bu səviyyədə şansa bel bağlamaq olmaz".
Təcrübəli baş məşqçi qələbənin asan başa gəlmədiyini vurğulayıb: "Bu, bizim üçün motivasiyadır. Nəyi düzgün etmədiyimizi analiz etməli, toparlanmalı və komandanı çempionat oyununa da hazırlamalıyıq. Bundan sonra görəcəyimiz işlərə baxa bilərik".
Regekampf bu tempi və səviyyəni qoruyub saxlamalı olduqlarını bildirib: "Son iki matçda qələbə qazanmışıq. Amma üzərimizdə çalışıb, daha yaxşı olmalıyıq. Əminəm ki, mərhələni keçmək üçün şansımız var. Hər oyun çətindir və hər bir rəqibə hörmətlə yanaşırıq. Futbolçularımız kifayət qədərdir. Məşq etməlidirlər ki, daha yaxşı olsunlar. Qarışıq heyət hazırlamalıyıq ki, çempionat görüşündə də qələbə qazanıb. Hazırda əsas fikrimiz Premyer Liqa oyunundadır".
Mütəxəssis hava şəraitinin hər iki komandaya çətinlik yaratdığını söyləyib: "Burada hamını üzgün görürəm. Mən isə çox sevinirəm. çünki komandanın səviyyəsini yaxşı bilirəm. Azərbaycan futbolu üçün böyük qələbədir. Düşünürəm kİ. bu gün qalibiyyətə layiq idik. Mükəmməl azarkeşlərimiz var. Onlara təşəkkür edirəm. Fanatlar ən yaxşısına layiqdirlər. Nəyəsə söz vermirəm. Amma hər şeyi edəcəyik ki, cavab matçında da qələbə qazanaq. Meydana sonradan daxil olan futbolçuları da yaxşı başa düşürəm. Onlar oyuna girəndə hesab 2:0 bizim xeyrimizə idi. Ən azından hesabı qorumaq üçün vuruşdular. Hava şəraiti ucaboy futbolçularımıza daha çox təsir etdi. Bundan sonra hər şey bizim üçün daha yaxşı olacaq".
Baş məşqçi son dəqiqələrdə müdafiədən çıxa bilməməklərinin konsentrasiya ilə bağlı olmadığını deyib: "Son dəqiqələrdə Rəhman Hacıyevlə yaxşı hücum yaxaladıq. Sağ cinahdan Qodsvey Donyonun irəli şığıdığını gördü. Ona pas vermək istəyirdi, alınmadı. Bu cür şeylərdən dərs çıxarmalıyıq".
Regekampf bəzən Avstriyada havanın buradakından daha isti olduğunu əlavə edib: "Uzun müddət orada yaşamışam. Ümidvaram ki, hava daha sərin olacaq. Amma bu gün hava şəraiti təkcə bizə təsir etmədi. Məncə, bu gün üzərimizdə təzyiq daha da çox idi. İlk saniyələrdən futbolçularım böyük pressinq tətbiq etdilər. Bunun üçün də uzun sprintlər tələb olunurdu. Düşünürəm ki, Eddi İsrafilov bunun kimi daha 3 oyun keçirə bilər. Yaxşı fiziki göstəricilərə malikdir. Amma hava ona da təsir etdi. Soruşanda cavab verdi ki, nəfəs ala bilmirəm. Bu hal digər futbolçulara qarşı da baş verdi. Hər hansı səbəb axtarmaq istəmirəm. Müəyyən çətinliklərimiz oldu. "Aris"lə matçda çoxlu güc itirdik. Bu gün də yaxşı başladıq və iki qol vurduq".
O, səfər görüşünün çox ağır olacağını vurğulayıb: "Rapid" təhlükəli rəqibdir. Bir az yerə düşməliyik. Səfərdə asan olacağını düşünmək olmaz. Oraya 100 faiz hazır getməliyik".
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.