- Konfrans liqası
- 02:04 08.11.2024
"İlk 15 dəqiqədə rəqibi sıxmaq istədik. Ancaq bu alınmadı". Corner.az xəbər verir ki, bunu Avstriyanın “Rapid” klubunun baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə ilk oyun barədə danışarkən deyib.
43 yaşlı çalışdırıcı “Bakcell Arena”da 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra fikrini bu sözlərlə davam etdirib: “İlk 15 dəqiqədən sonra "Neftçi" oyunu üzərinə götürməyə başladı. Alınmayan məqamlar çox idi. Müəyyən taktiki sxemlər dəyişmək, üstün olmaq istədik. Amma “Neftçi” bütün planlarımızı pozdu".
- Cavab matçında qapıçını dəyişmək fikriniz var?
- Buna ehtiyac görmürəm. Futbolda alınmayan günlər də olur. Növbəti görüşdə də qapıçı dəyişmək fikrim yoxdur.
- “Neftçi”ni belə təsəvvür edirdiz? Və matçdan sonra sizdə rəqib barədə hansı fikirlər yarandı?
- Matçdan əvvəl rəqibi analiz etmişik. Müdafiədə və hücumda necə oynadığını bilirdik. Çalışdıq ki, oyunu əlimizə götürək. Amma “Neftçi” 15-20 dəqiqədən sonra planlarımızı pozdu. Rəqib səhvlərimizdən faydalanmağa başladı. Stadiondakı atmosfer də bizə təsir edə bilər.
- Bu görüşdən sonra “Neftçi”ni cütün favoriti hesab etmək olar?
- “Neftçi”yə hörmətlə yanaşıram. Amma hər iki komanda güclü oynadı. Cavab görüşündə nöqtə qoymaq lazım olacaq. Hətta bundan əvvəl iki oyun keçirmişik. Bu səbəbdən futbolçularım ola bilsin ki, bir az yorulub.
- Rəqibin ən təhlükəli silahı nə idi?
- Hər oyunçu güclü idi. Amma Eddi İsrafilovu digərlərindən ayırmaq lazımdır. Təkbətək epizodlarda çox güclü idi. Biz isə öz təhlükəli silahımızı Vyanadakı cavab oyununda göstərəcəyik.
- Son saniyədə vurduğunuz qoldan sonra mərhələni keçmək şanslarınızı necə dəyərləndirirsiniz?
- Şanslar var. Bura uğurlu nəticəyə, qələbə qazanmağa gəlmişdik. 1:2 hesabı da pis deyil. Ancaq cavab görüşündə bir və ya bir neçə qol vurmaq olar.