- Konfrans liqası
- 02:04 08.11.2024
“Gent” güclüdü, amma düşünürəm ki, bizim şansımız daha çoxdur”. Corner.az xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Yassin Benziya "CBC Sport"a açıqlamasında UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisinə qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
Bu qarşılaşmalara yaxşı hazırlaşdıqlarını bildirən 29 yaşlı yarımmüdafiəçi növbəti raunda yüksələcəklərinə inandığını söyləyib.
Əlcəzairli oyunçu "köhlən atlar"dakı hədəflərindən söz açıb: "Hər şeyi qazanmaq istəyirəm. "Qarabağ" ölkənin ən yaxşı komandasıdır. Çempion olmaq və avrokuboklarda irəliləmək niyyətindəyik. Biz böyük klubuq və hər şeyi qazanmaq istəyirik".
Benzio Ağdam təmsilçisinə keçməmişdən əvvəl komanda haqqında məlumatlarının olduğunu vurğulayıb: "Gözəl oyun sərgiləyirik. Baş məşqçimizin fəlsəfəsini bilirəm. Daha əvvəl Abdullah Zubirlə də danışmışdım. O, mənə klubun yaxşı olduğunu demişdi. Çempionat matçlarını izlədim və özüm də gördüm ki, burada vəziyyət kifayət qədər yaxşıdır".
2018/2019 mövsümündə "Fənərbağça"da çıxış etmiş futbolçu Azərbaycan və Türkiyə arasındakı yaxşı münasibətlərdən xəbərdar olduğunu diqqətə çatdırıb: "Bu ölkələrin bir-biriləri ilə yaxşı münasibətləri var. Türkiyəni və Azərbaycanı sevirəm. Hazırda burada olduğum üçün çox xoşbəxtəm".
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Belçikada keçiriləcək. Azərbaycan təmsilçisi Benzia ilə 2,5 illik müqavilə imzalayıb.