“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Gent”in baş məşqçisi Heyn Vanhazebruk klub rəhbərliyini tənqid edib. Corner.az saytı xəbər verir ki, 58 yaşlı mütəxəssis Belçika çempionatının 24-cü turunda “Genk”lə görüşdən sonra qış transfer bazarındakı passivliklərindən şikayətlənib.
Belçikalı çalışdırıcı 2:3 hesablı məğlubiyyətə məhz keyfiyyətli oyunçuların alınmamasının əsas səbəb olduğunu bildirib: “Bəzi futbolçularımız bu səviyyədə oynamağa hazır deyil. “Genk” hər il yüksək səviyyəli oyunçularla heyətini gücləndirir. Hətta bizim də yaxşı oyunçularımızı transfer edə bilirlər. Biz isə menecerlər vasitəsilə oyunçu gətiririk. Bütün bunlar güclü rəqiblərlə matçlarda işimizi çətinləşdirir”.
Qeyd edək ki, “Gent” hazırda 38 xalla Belçika çempionatının 5-ci pilləsində qərarlaşır. Belçika klubunun “Qarabağ”la oyunları fevralın 16-da Bakıda, 23-də isə Gentdə keçiriləcək.