Bu gün Türkiyənin “Trabzonspor” klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin “Bazel” komandasını qəbul edəcək. Corner.az xəbər verir ki, qardaş ölkədəki dəhşətli zəlzələdən sonra Türkiyədə baş tutacaq ilk futbol matçına böyük maraq olduğu gözlənilir.
Azarkeşlər bu oyunla bağlı müxtəlif planlar hazırlayıblar. Komandalar da bu oyunda vurulacaq qola sevinməməyə qərar veriblər. Hətta “Bazel”in baş məşqçisi Heiko Vogel də matçdan öncə baş tutan mətbuat konfransında qol vuracağı halda bunu bayram etməyəcəyini açıqlayıb.
“Oynamaq məcburiyyətində olduğumuz bir turnirdə iştirak etdiyimiz üçün meydana çıxacağıq. “Trabzonspor”un aldığı qərara hörmətlə yanaşırıq. Biz də buna qatılacağıq. Heç bir qol sevinci olmayacaq. Bunu oyunçularıma da söyləyəcəyəm. Çünki bu oyun baş verən hadisələrin yanında çox önəmsizdir”.
“Trabzonspor”un baş məşqçisi Abdullah Avcı isə matçdan öncəki mətbuat konfransında bunları dilə gətirib:
“Matç haqqında çox danışmaq istəmirəm. Millətimizin başı sağ olsun. Həyatımızın ən çətin və önəmli günlərində ən çətin matça hazırlaşırıq. Bu oyuna köklənmək asan deyil. Amma futbolun birləşdirici gücündən istifadə etməliyik”.