"Qarabağ”ın prezidenti Tahir Gözəl Konfrans Liqasının pley-off mərhələsində bu gün “Gent”lə keçiriləcək oyunöncəsi klubun rəsmi saytına təəssüratlarını bölüşüb. Corner.az xəbər verir ki, Ağdam təmsilçisinin rəhbəri Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar böyük təəssüf hissi keçirdiyini söyləyib.
O, qardaş ölkədə baş vermiş faciə ilə bağlı türk xalqına başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib:
“Hadisənin ilk dəqiqələrindən etibarən başda Azərbaycan prezidenti Cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi. Maddi durumundan asılı olmayaraq, hər kəs hər hansı bir şəkildə yardım etməyə çalışdı. Yardım kampaniyalarından olan görüntüləri izlədikcə həm duyğulandım, həm də qürur hissi keçirdim. Böyük məmnuniyyətlə, Cənab prezidentin bu çağırışına biz də “Azersun Holdinq” olaraq qoşulduq. Bunun qürurunu yaşayırıq”.
“Qarabağ” prezidenti “Gent”lə qarşılaşmanın belə bir vaxta düşməsinə təəssüfləndiyini əlavə edib: “Başda Prezidentimiz olmaqla, bütün dünyaya Türkiyə və Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha göstərdik. Hər zaman Türkiyənin yanındayıq. Təəssüf ki, oyunumuz belə ağır günlərə təsadüf edir. Bu gün oyundan əvvəl zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Əminəm ki, azarkeşlərimiz də qardaş ölkəni unutmayacaq, onlara 90 dəqiqə ərzində dəstək olacaqlar”.
O, Belçika təmsilçisi ilə qarşılaşmada komandasına güvəndiyini də vurğulayıb: “Mən komandama inanıram. İnanıram ki, çətin günlərimizdə xalqımıza təssəlli olan “Qarabağ” bu gün də öz oyunu və qələbəsi ilə az da olsa azarkeşlərimizi sevindirəcək”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.