- Konfrans liqası
- 02:04 08.11.2024
“Gent”in yarımmüdafiəçisi Sven Kums Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən oyunla bağlı fikirlərini bölüşüb. Corner.az saytının məlumatına görə, vitse-kapitan 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra Belçika mətbuatına iki fərqli hissə keçirdiklərini bildirib:
“Fasiləyə qədər rəqibi yaxşı nəzarətdə saxlayırdıq. Üstəlik, qol vurmaq üçün şanslarımız da oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. İkinci hissədə “Qarabağ” bizi müdafiəyə çəkilməyə vadar etdi. Geridən çətinliklə çıxırdıq. Buna görə də qapımız qarşısında təhlükəli anlar yaşadıq. Anidən topu itirirdik və rəqib ildırım sürətlə hücuma çıxırdı. Matçın sonlarında yaxşı qurtardıq. Yenə də vəziyyəti düzəldə bilərik. Azarkeşlərimizin dəstəyi ilə evdə qələbə şansımız var”.
35 yaşlı oyunçunun fikrincə, qapılarına təyin edilən penalti qərarı doğru deyildi: “Hakim mənə bunun həqiqətən bir dəstək əli olduğunu söylədi. O, Cordan Torunariqanın qolunun bədənindən çox aralı olduğunu düşündü. Halbuki, birinci hissədə lehimizə penalti təyin etmək istəmədi. Həmin epizodda Bruno Qodonu açıq-aşkar tutmuşdular. Penalti zamanı qapıçımız Rof əla müdaxilə etdi”.
Alessio Kastro-Montesin topuğundan aldığı zədə səbəbindən əvəzlənməsinə təəssüfləndiyini vurğulayan Kums cavab görüşü barədə ümidli danışıb: “Qarabağ” komanda şəklində çox güclüdür. Bunu əvvəlcədən bilirdik. Ancaq birinci hissədə göstərdik ki, bu rəqiblə ayaqlaşa və onu məğlub edə bilərik. Ümid edirəm ki, zədəli futbolçularımız da həmin vaxta qədər sağalar”.
Qeyd edək ki, cavab oyunu fevralın 23-də Gentdə baş tutacaq.