9 aprel 2025. Çərşənbə

Gent niyə də Qarabağ'a qalib gəlməsin?


Gent niyə də Qarabağ'a qalib gəlməsin?
“Neftçi”nin futbolçusu Kenni Sayef növbəti dəfə Belçika mətbuatına danışıb. Corner.az xəbər verir ki, “Gent”in sabiq üzvü Bakı klubunda əvvəlki formasını bərpa etdiyini açıqlayıb:
 
“Neftçi” Azərbaycanda böyük klubdur. Çempionat o qədər də tanınmır, amma həyatda bəzən təəccüblü fürsətlər qarşınıza çıxır. Burada çox işləyirəm, tənbəl həyatım yoxdur. Amma son illərdə aldığım zədələrdən sonra indi karyeramda çox gözəl dövrdür. Ümid edirəm ki, bir gün Belçikaya qayıdacağam. Artıq fevraldı və aktivimdə 7 qol, 8 məhsuldar ötürmə var. Hamıya sübut etmək istəyirəm ki, öz yoluma qayıtmışam. İndi xoşbəxtəm, artıq iki ildir ki, sağlamam”.
 
İsrail əsilli amerikalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında ürəyincə olmayan yeganə amilin azarkeş marağının az olmasını göstərib: “Təəssüf ki, liqa matçları üçün stadionlara o qədər də çox azarkeş gəlmir. Bir futbolçu kimi, əsl futbol atmosferi üçün darıxıram. Avropa duellərində azarkeşlər kütləvi şəkildə görünürlər. “Qarabağ”da da belədir”.
 
30 yaşlı oyunçu “Gent”in Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıdakı matçından əvvəl belçikalıların məşqçilər korpusu ilə görüşdüyünü söyləyib: “Bakıdakı oyundan əvvəl komandanın düşərgəsinə getmədim, çünki futbolçuları hazırlığında narahat etmək istəmədim. Amma baş məşqçi və onun heyəti ilə görüşdüm. Daniel Miliçeviçlə hələ də sıx əlaqəm var. Biz əsl dostuq. Ona görə də onu yenidən görmək çox xoş oldu”.
 
Sayef “Qarabağ”ın 1:0 hesabı ilə qalib gəldiyi ilk görüşü izlədiyini vurğulayıb. O, hələ də “Gent”in mərhələ adlamaq şansının az olmadığını düşünür: “Oyuna baxdım. İlk hissədə “Gent” çox gözəl imkanlar əldə etdi. Təəssüf ki, qol vura bilmədilər. 0:1 “Qarabağ”la səfər oyununda pis nəticə deyil. “Olimpiakos” və “Nant” klubu burada daha böyük fərqli məğlubiyyətlə üzləşib. “Gent”in hələ də şansı var. Çünki onlar həmişə öz azarkeşləri üçün daha çox şey edə bilərlər”.
 
Yarımmüdafiəçi “Gent”in cavab oyununda qalib gələcəyinə inanır: “Heyn Vanhazebruka tam güvənirəm. Onun fərq yaratmağa imkan verəcək taktiki seçim təklif edəcəyinə arxalana bilərsiniz. “Gent” azarkeşlərinin dəstəyi ilə çox şey mümkündür. Əvvəllər bir çox güclü komandaları məğlub edəndə orada idim. “Gent” indi niyə də “Qarabağ”a qalib gəlməsin?”
 
Qeyd edək ki, fevralın 23-də Gentdə keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq






Konfrans liqası