- Konfrans liqası
- 02:04 08.11.2024
İsrail Futbol Federasiyasının İntizam Komitəsi "Beytar" klubunu UEFA Konfrans Liqasının təsnifat mərhələsindən kənarlaşdırıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb komandanın azarkeşlərinin Netanya "Makkabi"si ilə ölkə kubokunun final oyunundakı (3:0) davranışları olub.
Fanatlar final fitindən sonra meydançaya daxil olaraq, mükafatlandırma mərasiminin keçirilməsinə imkan yaratmayıblar. Nəticədə təhlükəsizlik xidmətinin əməkdaşları təcili olaraq İsrail prezidenti İsxak Hersoqu stadiondan təxliyə etməli olublar.
İnsident səbəbindən "Beytar" 20 000 ABŞ dolları məbləğində cərimələnib və yeni mövsümə -3 xalla başlayacaq. Bundan başqa, analoji hadisə təkrarlanacağı halda İsrail Kuboku klubdan geri alınacaq.
Yerusəlim təmsilçisi qərardan İsrail Futbol Federasiyasının Ali Arbitraj Şurasına apellyasiya şikayəti verməyə hazırlaşır. Azarkeşlər isə federasiyanı iyunun 19-da AVRO-2024-ün seçmə mərhələsində Andorraya qarşı keçiriləcək matçı boykot edəcəkləri ilə hədələyiblər.
Qeyd edək ki, "Beytar" Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlamalı idi. Sözügedən komanda bu raundda "Neftçi"nin potensial rəqiblərindən biri idi.