“Neftçi”, “Sabah” və “Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində daha 3 potensial rəqibləri bəlli olub.
Corner.az xəbər verir ki, püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına “Drita” (Kosovo), “Adana Demirspor” (Türkiyə) və “Levski” (Bolqarıstan) də qoşulublar.
Səpələnməmişlərdə qərarlaşacaq “Sabah” və “Qəbələ” isə II raundda “Midtüllan” (Danimarka), “Tvente” (Niderland) və “Austriya” (Avstriya) kimi komandalarla üz-üzə gələ bilərlər.
II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq komandalardan yalnız İsrail təmsilçisinin adı bilinmir.
Hazırda “Neftçi”nin 25, Azərbaycanın digər iştirakçılarının isə 30 potensial rəqibi məlumdur. Həmçinin, I təsnifat mərhələsindən daha 31 komanda bu raundda iştirak hüququna yiyələnəcək. Onlardan 14-ü səpələnmişlər, 17-si səpələnməmişlər səbətinə düşəcək.
Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.