- Konfrans liqası
- 02:14 28.11.2025
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” klubuna qarşı keçiriləcək ilk oyun öncəsi “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu komandanın əhval-ruhiyyəsinin yüksək olduğunu və matça tam hazır olduqlarını bildirib.
“Komanda yaxşı vəziyyətdədir, futbolçularda yorğunluq yoxdur. “Aris” üzərindəki qələbə bizə yüksək motivasiya bəxş edib. Sabah güclü və təhlükəli rəqibə qarşı oynayacağıq. “Omoniya”nı analiz etmişik və bütün diqqətimiz bu oyundadır. Evdə oynamaq üstünlüyündən istifadə edərək, azarkeşlərin də dəstəyi ilə qələbə qazanmaq istəyirik”, – deyə Qarayev bildirib.
O, “Qarabağ”ın heyətində çıxış etdiyi dövrdə “Omoniya”ya qarşı oynadığını xatırladaraq rəqibin indiki heyətinin daha güclü olduğunu qeyd edib:
“Bu günkü “Omoniya” əvvəlkindən fərqlənir. Yeni baş məşqçi gəlib və komandanın oyun üslubu dəyişib. Xüsusilə hücum xətti daha çevik və sürətlidir.”
Futbolçu həmçinin klubun böyümək planlarından da danışıb:
“Bütün rəqiblərə hörmətlə yanaşırıq. Amma bizim də məqsədlərimiz var və bu yolda irəliləmək üçün əlimizdən gələni edəcəyik. Futbolda hər şeyə meydanda cavab verilir. Böyümək üçün zamana ehtiyac var. İnanıram ki, gələcək illərdə qruplarda oynayacaq gücə çatacağıq.”
Qarayev azarkeşlərin tribunaları dolduracağına inandığını da bildirib:
“İlk matçlardan sonra azarkeşlərin etimadını qazandığımıza inanıram. Biz tribunaların tam dolmasını gözləyirik.”
Sonda Qara Qarayev ehtiyatda qalmasına da münasibət bildirib və baş məşqçiyə dəstəyini ifadə edib:
“Harada olmağımdan asılı olmayaraq, hər zaman Elmar müəllimin yanındayam. Bu komandaya kömək etmək üçün buradayam.”
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Omoniya” qarşılaşması avqustun 7-də saat 20:00-da “Liv Bona Dea Arena”da baş tutacaq. Cavab oyunu isə avqustun 14-də Nikosiyada keçiriləcək.