- Konfrans liqası
- 07:10 27.02.2026
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə,keçirilən görüşlərdən sonra 1/8 final mərhələsinə vəsiqə qazanan komandaların siyahısına aydınlıq gəlib.
Türkiyə təmsilçisi "Samsunspor" doğma meydanda Şimali Makedoniyanın "Şkendiya" kollektivini darmadağın edib – 4:0. İlk qarşılaşmada 1:0 hesablı qələbə qazanan Samsun təmsilçisi iki oyunun nəticəsinə görə inamlı üstünlüklə növbəti mərhələyə adlayıb.
İtaliya klubu "Fiorentina" isə səfərdə Polşanın "Yagelloniya" komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Buna baxmayaraq, ilk oyunda 3:0 hesabı ilə qalib gələn Florensiya təmsilçisi iki matçın cəmində üstün olaraq 1/8 finala vəsiqəni təmin edib.
Sloveniyanın "Sele" klubu Kosovo təmsilçisi "Drita" üzərində 3:2 hesablı qələbə qazanaraq mərhələ adlayan tərəf olub. Xorvatiyanın "Riyeka" kollektivi isə Kiprin "Omoniya" komandası ilə qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib.
Polşanın "Lex" klubu Finlandiya təmsilçisi "KuPS" üzərində minimal hesablı (1:0) qələbə ilə adını 1/8 finala yazdırıb. Niderlandın "AZ Alkmaar" kollektivi Ermənistanın "Noa" komandasını 4:0 hesabı ilə məğlub edərək mərhələni adlayan tərəf olub.
İngiltərənin "Kristal Pelas" komandası Bosniya və Herseqovina təmsilçisi "Zrinski" üzərində 2:0 hesablı qələbə qazanıb. Çexiyanın "Siqma" klubu isə səfərdə İsveçrənin "Lozanna" komandasını 2:1 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə əldə edib.
Qeyd edək ki, daha əvvəl "Rayo Valyekano", "Şaxtyor", "AEK Afina", "Sparta Praqa", "Maynts 05", "AEK Larnaka", "Strasburq" və "Rakuv" da birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıblar.