- Konfrans liqası
- 02:06 20.03.2026
Konfrans Liqasının 1/8 finalının cavab oyununda "Rakuv" və "Fiorentina" komandaları üz-üzə gəliblər.
90deqiqe.Az xəbər verir ki, ilk qarşılaşmada doğma meydanda 2:1 hesablı qələbə qazanan Florensiya təmsilçisi səfərdə də üstünlüyünü qorumağı bacarıb.
Matçın ilk yarısı qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
İkinci hissəyə fəal başlayan meydan sahibləri 46-cı dəqiqədə hesabı açıblar. Karol Struski İvan Lopesin ötürməsini dəqiq tamamlayaraq komandasını önə çıxarıb.
Buraxılan qoldan sonra təşəbbüsü ələ alan qonaqlar 68-ci dəqiqədə bərabərliyi təmin ediblər. Şer Ndur Fabiano Parizinin məhsuldar ötürməsindən sonra fərqlənib.
Görüşün taleyi əlavə olunmuş dəqiqələrdə həll olunub. Marin Ponqraçiçin vurduğu qol “Fiorentina”ya qələbə qazandırıb.
Beləliklə, iki oyunun nəticəsinə görə üstün olan İtaliya klubu UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə vəsiqə əldə edib.