- Konfrans liqası
- 01:35 08.05.2026
Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda Londonun “Kristal Pelas” klubu Ukraynanın “Şaxtyor” komandası ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, ilk oyunda 3:1 hesabı ilə məğlub olan Ukrayna təmsilçisinə mərhələni keçmək üçün geridönüş lazım idi.
Matça fəal başlayan “Şaxtyor” çoxsaylı zərbələrlə fərqlənməyə çalışsa da, cəhdlər əksər hallarda bloklanıb. Ev sahibi komanda isə sürətli əks-hücumlarla təhlükəli vəziyyətlər yaradıb.
25-ci dəqiqədə londonlular hesabı açıblar. Rıznık Uortonun güclü zərbəsini dəf etsə də, top Munyosun qarşısına düşüb. Nəticədə top Pedro Enrikeyə dəyərək cərimə meydançasının iti bucağından qapıya doğru qeyri-adi trayektoriya ilə yönəlib və dirəyə dəyərək tora daxil olub.
“Şaxtyor” 34-cü dəqiqədə cavab qolunu vurub. Eginaldo rəqib cərimə meydançasında topu qəbul edərək 15 metrdən dəqiq və texnikalı zərbə ilə topu sol “doqquzluq”dan keçirib. Qapıçı epizoda reaksiya verə bilməyib.
İkinci hissənin əvvəlində “Kristal Pelas” yenidən önə keçib. Sol cinahdan ötürmədən sonra Sarr qapı önündə düzgün mövqe tutaraq topu uzaq küncə göndərib. Bu epizodda da top dirəyə dəyərək qola çevrilib.
Daha sonra oyunun tempi aşağı düşüb və qarşılaşmanın taleyinin artıq həll olunduğu aydınlaşıb. “Şaxtyor” üçün İngiltərədə üç qol vurmaq demək olar ki, mümkünsüz olub.
Matç 2:1 hesabı ilə “Kristal Pelas”ın xeyrinə başa çatıb. İki oyunun ümumi nəticəsinə görə 5:2 hesabı ilə londonlular finala yüksəliblər.