- Konfrans liqası
- 13:54 03.06.2026
AFFA “Turan Tovuz”un 2026/2027 mövsümündə UEFA-nın təşkil etdiyi klub turnirlərində iştirak hüququndan məhrum edildiyini təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, qurumun yaydığı açıqlamada UEFA tərəfindən klubun avrokuboklarda iştirak hüququ ilə bağlı araşdırma aparıldığı bildirilib.
Məlumata görə, UEFA AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarına istinad edib. Həmin qərarda “Turan Tovuz”un bəzi futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə cəzalandırılması nəzərə alınaraq məsələ hüquqi qiymətləndirmə üçün UEFA-nın Apellyasiya Orqanına təqdim olunub.
UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, Tovuz təmsilçisi 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.
Xatırladaq ki, 2019-cu ildə I Divizionda çıxış edən “Turan Tovuz”un yeddi futbolçusu danışılmış oyunlarla bağlı AFFA tərəfindən ağır cəzaya məruz qalmışdı. Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla əlaqəli bütün fəaliyyətlərinə ömürlük qadağa qoyulmuşdu.
Qeyd edək ki, “Turan Tovuz” başa çatan mövsümü üçüncü pillədə tamamlayaraq UEFA Konfrans Liqasına vəsiqə qazanmışdı. Klub qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyini açıqlayıb.