9 iyul 2026. Cümə axşamı

"Zirə"nin qələbəsi Azərbaycan futbolu üçün tarixi yubileylərlə yadda qaldı


"Zirə"nin qələbəsi Azərbaycan futbolu üçün tarixi yubileylərlə yadda qaldı

"Zirə"nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) komandası üzərində qazandığı 3:0 hesablı qələbə Azərbaycan futbolu tarixində iki əlamətdar hadisə ilə yadda qalıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıtda keçirilən bu qarşılaşma Azərbaycan klublarının avrokuboklarda keçirdiyi 500-cü rəsmi oyun kimi tarixə düşüb.

Bu müddət ərzində ölkə təmsilçiləri UEFA Çempionlar Liqasında 120, UEFA Avropa Liqasında (keçmiş UEFA Kuboku) 283, UEFA Konfrans Liqasında 63, Kuboklar Kubokunda 8 və İntertoto Kubokunda 26 oyuna çıxıblar. Texniki nəticələrlə başa çatan görüşlər də nəzərə alınmaqla, Azərbaycan klubları 159 qələbə qazanıb, 112 heç-heçə edib və 229 məğlubiyyət alıb.

Qitəmiqyaslı klub turnirlərində ilk oyun 1994-cü il avqustun 9-da baş tutub. Həmin vaxt "Turan" UEFA Çempionlar Liqasının təsnifat mərhələsində səfərdə Türkiyənin "Fənərbağça" klubuna 0:5 hesabı ilə məğlub olmuşdu.

"Zirə"nin braziliyalı futbolçusu Ruan Renato isə "Torpedo" ilə matçda vurduğu ilk qolla Azərbaycan klublarının avrokuboklardakı 550-ci qolunun müəllifi olub. Texniki nəticələr nəzərə alınmadıqda isə komandalarımızın ümumi top fərqi 552:759 təşkil edir.

Azərbaycan klublarının avrokuboklardakı ilk qolu isə 1995-ci il avqustun 22-də vurulub. UEFA Kubokunda keçirilən "Austriya" (Vyana) – "Kəpəz" görüşündə (5:1) Yadigar Süleymanov tarixə düşən ilk qolu müəllifi olub.

Qeyd edək ki, "Zirə" ilk oyunda "Torpedo"nu 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələ yolunda ciddi üstünlük qazanıb.







Konfrans liqası