16 iyul 2026. Cümə axşamı

"Əsas vaxtda növbəti mərhələyə yüksələcəyimizə inanıram"


"Əsas vaxtda növbəti mərhələyə yüksələcəyimizə inanıram"

"Sabah bizi adlı-sanlı rəqibə qarşı çətin qarşılaşma gözləyir. İlk oyunda qazandığımız üstünlüyə baxmayaraq, rəqibin güclü heyəti, təcrübəli baş məşqçisi və doğma azarkeşləri önündə çıxış edəcək olması işimizi çətinləşdirir".

90deqiqe.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) komandasına qarşı keçiriləcək cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis rəqibin sonadək mübarizə aparacağını vurğulayıb:

"Onların matçın gedişatını dəyişmək üçün sonadək mübarizə aparacağını bilirik. Komandamız buna hazırdır. Oyunun maraqlı keçəcəyini düşünürəm və əsas vaxtda növbəti mərhələyə yüksələcəyimizə inanıram".

Rəşad Sadıqov mövsümün ilk rəsmi oyunlarının hər zaman çətin keçdiyini də qeyd edib:

"Mövsümün ilk rəsmi matçları həmişə müəyyən çətinliklərlə yadda qalır. Bilirik ki, rəqib sabah daha yaxşı çıxış etməyə çalışacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki hazırlıq, həm də taktiki baxımdan daha keyfiyyətli oyun sərgiləməliyik. Tam optimal formaya çatmaq üçün isə adətən 3-4 rəsmi görüş keçirmək lazımdır".

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma "Zirə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Torpedo" – "Zirə" cavab oyunu iyulun 16-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.







Konfrans liqası