- Konfrans liqası
- 20:32 21.07.2026
"Neftçi"nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi mətbuat konfransında komandanın matça ciddi hazırlaşdığını və əsas məqsədin uğurlu nəticə qazanmaq olduğunu bildirib.
"Avrokuboklarda iştirak etməyi planlaşdırmırdıq. Amma oyuna hazırlaşmağa kifayət qədər vaxtımız oldu. Yaxşı hazırlıq keçmişik və müsbət nəticə qazanacağımıza inanırıq. Sabah yaxşı oyun sərgiləməliyik"
Kapitan rəqibə hörmətlə yanaşdıqlarını, lakin bütün diqqətlərini məhz bu qarşılaşmaya yönəltdiklərini söyləyib:
"Dinamo" yaxşı kollektivdir. Hazırda əsas məqsədimiz onları mübarizədən kənarlaşdırmaqdır. Növbəti mərhələ barədə danışmaq hələ tezdir. Hazırda yalnız bu oyunu düşünürük. Bu mərhələni keçəndən sonra növbəti rəqib haqqında fikirləşəcəyik.
Emin Mahmudov klubun bu il 90 illik yubileyini qeyd etdiyini xatırladaraq, bunun komanda üçün əlavə motivasiya olduğunu bildirib.
O, ötən illərdə avrokuboklarda uğursuzluqlarla üzləşdiklərini də xatırladıb:
"Əvvəlki mövsümlərdə də qrup mərhələsinə yüksəlmək şansımız olub. Amma bəzi məqamlarda bəxt bizim tərəfimizdə olmayıb. İnanıram ki, bu dəfə həmin uğursuzluğu geridə qoyacaq və daha yaxşı nəticə göstərəcəyik."
Yarımmüdafiəçi komanda daxilində sabitliyin qorunduğunu da vurğulayıb:
"Heyətimizdə ciddi dəyişiklik olmayıb. Hazırda komandada yaxşı ab-hava və sabitlik var. Yaxın vaxtlarda yeni transferlər də bizə qoşulacaq. Düşünürəm ki, bundan sonra daha da güclü olacağıq."
Mahmudov azarkeşlərin dəstəyinə görə təşəkkür edib və onların tribunadakı varlığının futbolçular üçün əlavə motivasiya mənbəyi olduğunu qeyd edib:
"Azarkeşlərimiz hər zaman yanımızdadırlar. Açıq məşqdə də bizə möhtəşəm dəstək oldular. Sabah meydanda əlimizdən gələni edib onları sevindirməyə çalışacağıq."
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" – "Dinamo" (Minsk) oyunu iyulun 22-də saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək. Cavab qarşılaşması isə iyulun 30-da baş tutacaq.