- Konfrans liqası
- 14:57 31.07.2026
UEFA Konfrans Liqasında keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” qarşılaşmasının yeri, başlama vaxtı və hakim təyinatları müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, avqustun 6-da Polşanın Lublin şəhərində yerləşən eyniadlı stadionda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Ukrayna təmsilçisi ölkədə davam edən müharibə səbəbindən avrokuboklardakı ev oyunlarını neytral meydanda keçirir.
UEFA-nın qərarına əsasən, matç danimarkalı hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi Morten Kroq olacaq. Ona yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək.
VAR hakimi Yakob Kelet, onun köməkçisi isə Yens Maye olacaq.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bakıda keçiriləcək.