- Konfrans liqası
- 12:12 05.08.2026
"Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Dinamo" Azərbaycana yaxşı tanış olan komandadır. Matça istədiyimiz kimi hazırlaşmışıq. Polşaya sərfəli nəticə qazanmaq üçün gedirik".
90deqiqe.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə keçiriləcək ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis rəqibin də qarşılaşmaya ciddi hazırlaşdığını vurğulayıb:
"Bilirik ki, rəqib də bizə qarşı çox ciddi hazırlaşır. Hətta çempionatdakı iki oyunlarını da təxirə salıblar. Nəticə üçün əlimizdən gələni edəcəyik. Azarkeşləri maraqlı qarşılaşma gözləyir".
Qurbanov heyətdə itkilərin olduğunu da açıqlayıb. Onun sözlərinə görə, Zakaria Savo zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək:
"ÇSKA ilə Sofiyadakı oyundan sonra bəzi futbolçularımız zədələndi. İstədikləri kimi məşqlərə qoşula bilmədilər. 120 dəqiqə oynamaq asan deyil, bərpa prosesi də gec oldu. Buna görə heyətdə müəyyən dəyişikliklər olacaq. Lakin hələ yekun qərar verməmişik".
Baş məşqçi Avropa Liqasında Bolqarıstanın ÇSKA klubu ilə keçirilən cavab görüşündə komandasının sərgilədiyi oyundan razı qaldığını bildirib:
"Nə rəqib, nə də biz 120 dəqiqə oynamağa tam hazır deyildik. Buna baxmayaraq, futbolçuların performansından razı qaldım. İki oyunda da rəqibə məğlub olmadıq. Ötən mövsüm UEFA Çempionlar Liqasında çox böyük güc sərf etmişdik. Bizimlə eyni yolu keçən digər komandaların da sonradan eniş yaşadığını görmək mümkündür. Hər il çempion olmaq mümkün deyil. Futbolda hər cür nəticə olur. Böyük komandalara qarşı oynamaq isə inkişafımıza müsbət təsir edir".
Qurban Qurbanov "Dinamo"nun son oyunlarını izlədiyini də qeyd edib:
"Heyətlərində gənc və keyfiyyətli futbolçular var. Rəqibin son matçlarda qol vura bilməməsi barədə çox danışılır. Amma biz də son iki oyunda fərqlənməmişik. Bu cür detallara xüsusi önəm vermirəm".
Təcrübəli çalışdırıcı transfer çalışmalarının davam etdiyini də söyləyib. Onun sözlərinə görə, klub bütün mövqelər üzrə futbolçu axtarışını davam etdirir.
Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevin "Zirə"yə mümkün keçidi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Məndə belə bir informasiya yoxdur".
Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə ilk oyununu avqustun 6-da Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.