13 avqust 2026. Cümə axşamı

“Uğurlu nəticə qazanmaq istəyirik”


“Uğurlu nəticə qazanmaq istəyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis mətbuat konfransında əvvəlcə Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Sabah”ı təbrik edib.

“Əvvəlcə “Sabah”ı təbrik edirəm. Yaxşı oyun göstərib qalib gəldilər. Bu, böyük uğurdur. Bizə gəldikdə, oyuna yaxşı hazırlaşmışıq. Uğurlu nəticə qazanmaq istəyirik. İnanıram ki, futbolçular sonadək mübarizə aparacaqlar. Sabah müəyyən rotasiyalar olacaq”, - deyə Qurbanov bildirib.

Baş məşqçi ilk görüşdə buraxılan səhvlərə və komandanın qol vura bilməməsinə də toxunub:

“İlk oyunda hücum xəttində rotasiyalar etdik. Səhvlər hər zaman olur. Rəqiblər səni səhvə məcbur edirlər. Bir də matçda temp zəif olanda bunlar baş verir. Hələ də oyunçular bir-birlərini meydanda tam olaraq tamamlamırlar. Üç matçdır ki, qol vura bilmirik. Bu da bizə psixoloji təsir göstərir. Əlbəttə, komandada müəyyən problemlər var. Ən yaxşı vaxtımızda belə problemlər olub”.

Qurban Qurbanov Abdullah Zubirin ilk qarşılaşmada fərqli mövqedə çıxış etməsinə də münasibət bildirib:

“Bu sual futbolçuya verilməlidir. Çünki bəzən oyunçu özü də düşünməlidir ki, mən niyə öz yerimdə oynamıram”.

Təcrübəli çalışdırıcı Zubirin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərləri isə şərh etmək istəməyib:

“Bu cür xəbərlər hər dəfə olur. Gəlin, sabahkı oyun barədə düşünək. Hazırda fikrimizi cavab görüşünə yönəltmişik”.

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” qarşılaşması avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Komandalar arasında Polşada baş tutan ilk matçda Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.







Konfrans liqası

“Uğurlu nəticə qazanmaq istəyirik”
  • Konfrans liqası
  • 13:49 12.08.2026
“Uğurlu nəticə qazanmaq istəyirik”
"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu
  • Konfrans liqası
  • 23:03 06.08.2026
"Qarabağ" "Dinamo"ya minimal hesabla uduzdu