20 avqust 2026. Cümə axşamı

“Transfer pəncərəsi” bağlanana qədər futbolçu axtarışlarını davam etdirəcəyik


“Transfer pəncərəsi” bağlanana qədər futbolçu axtarışlarını davam etdirəcəyik

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə qarşılaşmadan əvvəl son hazırlıqlarını tamamlayıb.

90deqiqe.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Niderland klubuna qarşı ilk oyundan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında komandanın hazırlığı, heyətdəki itkilər və transfer planları barədə danışıb.

Mütəxəssis “Qarabağ”ın vacib səfərə yollandığını bildirib:

“Çox vacib səfərə çıxırıq. “Tvente” bizə tanış rəqibdir. Yaxşı azarkeş dəstəyi olan komandadır. İlk xoş xatirələrimiz də həmin stadionla bağlıdır. İnanıram ki, qələbə qazanmaq üçün futbolçular əllərindən gələni edəcəklər”.

Qurban Qurbanov komandanın hazırlıq üçün az vaxtının olduğunu və müəyyən problemlərlə üzləşdiklərini də vurğulayıb:

“Futbolçular bir yerdə az məşq ediblər. Biz avrokubokları çempionata qurban vermək istəmirik. Konfrans Liqasında böyük komandalar mübarizə aparır. Futbolçularımız həmin rəqiblərlə oynayaraq inkişaf edirlər. Məqsədimiz əsas mərhələyə vəsiqə qazanmaqdır”.

Baş məşqçi “Tvente”nin əvvəlki heyəti ilə indiki komanda arasında fərq olduğunu söyləyib:

“Əvvəlki qarşılaşmalarda daha hazırlıqlı və istəkli idik. O vaxt təcrübəli futbolçularımız daha çox idi. İndiki heyətdə isə dinamik oyunçuların sayı çoxdur. Kim sona qədər dözə bilirsə, o da qalib gəlir”.

Qurban Qurbanov komandanın heyətindəki itkilərə də toxunub. Abdullah Zubirin gedişi, Elvin Cəfərquliyevin zədəsi və Renaldo Sefasın durumunun qeyri-müəyyən olması baş məşqçinin əsas problemləri sırasında yer alır.

“Abdullah Zubir və Elvin Cəfərquliyev kimi futbolçuların meydanda bir-birini tamamlaması bizim kimi komandalar üçün vacib və nadir məqamlardır. Bəli, hər ikisini “Tvente”yə qarşı başqa futbolçular əvəzləyəcək. Renaldo Sefasın tam hazır olub-olmayacağını oyun günü biləcəyik. Bütün bunlara rəğmən, Niderlandda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Ağdam klubunun çalışdırıcısı “transfer pəncərəsi” bağlanana qədər heyətin gücləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirib:

“İştirak ərizəsində dəyişiklik olmalı idi. Yeni transfer olmalı idi. Amma müəyyən problemlər üzündən alınmadı. Hələ vaxtımız var, dəyişiklik edə bilərik. “Transfer pəncərəsi” bağlanana qədər ehtiyac duyulan mövqelərə uyğun futbolçu axtarışlarını davam etdiririk”.

Qurban Qurbanov Jeremi Qnalinin gələcəyi ilə bağlı da danışıb. O, futbolçunun potensialını yüksək qiymətləndirərək oyun praktikası qazanması üçün icarəyə verilməsi variantının nəzərdən keçirildiyini qeyd edib.

Baş məşqçi komandanın çətin mərhələdən keçdiyini, lakin belə dönəmlərin kollektivin inkişafına xidmət etdiyini bildirib:

“Həm insan, həm idmançı, həm də klub çətinliklərlə böyüyür. Bundan da çətin dönəmlərdən keçmişik. Əsas məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır”.

O, həmçinin Abdullah Zubirin 10 nömrəli formasının hələlik başqa futbolçuya verilmədiyini deyib:

“Həmin formanı istəyənlər çoxdur”.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab görüşü avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







Konfrans liqası

“Uğurlu nəticə qazanmaq istəyirik”
  • Konfrans liqası
  • 13:49 12.08.2026
“Uğurlu nəticə qazanmaq istəyirik”