- Konfrans liqası
- 14:09 26.08.2026
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçiriləcək cavab görüşü öncəsi komandasının hazırlıq vəziyyətindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis mətbuat konfransında Niderland təmsilçisinin güclü tərəflərinə diqqət çəkib və qarşılaşmanın asan keçməyəcəyini bildirib:
“Çox vacib oyundur. Yaxşı və baxımlı futbol nümayiş etdirən komandaya qarşı oynayacağıq. Hazırlığımız normal keçib. Avrokuboklarda azarkeşlərimizi sevindirmək üçün son şansımızdır. Buna görə də qarşılaşmanın əhəmiyyətini yaxşı anlayırıq”.
Qurbanov “Tvente”nin cavab matçında daha aqressiv oyun nümayiş etdirəcəyini gözlədiyini söyləyib:
“Rəqibin heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Onlara qarşı diqqətli olmalıyıq. Hesabda geridə olduqları üçün daha çox hücum etməyə çalışacaqlar. Bu da onlar üçün əlavə imkanlar yarada bilər. “Tvente” çox sistemli futbol oynayır. Sabah həm mənim, həm də futbolçularım üçün maraqlı qarşılaşma olacaq”.
“Qarabağ”ın çalışdırıcısı gənc futbolçular Əli Bəşirov və Hikmət Cəbrayılzadənin də oyunda şans qazana biləcəyini istisna etməyib:
“Onların hələ kifayət qədər böyük təcrübəsi yoxdur. Xüsusilə Əli bir qədər həyəcanlıdır. Amma biz hamımız bu mərhələlərdən keçmişik. Oyunun gedişindən və vəziyyətdən asılı olaraq onlara da şans verə bilərik”.
Qurban Qurbanov komandanın transfer gündəmi ilə bağlı sualı da cavablandırıb. O, APOEL-də çıxış edən Dieqo Rosanın mümkün keçidi barədə yayılan xəbərlərə münasibət bildirib:
“Biz də hər gün bu xəbərləri oxuyuruq. Danışıqlar apardığımız futbolçular bir nəfər deyil. Siyahımızda bir neçə oyunçu var. Müxtəlif klubların maraq göstərdiyi futbolçular da həmin siyahıdadır”.
Baş məşqçi “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsinin Azərbaycan futboluna təsirini də dəyərləndirib:
“Belə nəticələr Azərbaycan klublarının Avropadakı nüfuzunu artırır. Rəqiblər artıq bizim komandalarla qarşılaşmalara daha fərqli yanaşırlar və bizdən çəkinməyə başlayırlar. Bu, Azərbaycan futbolu üçün çox müsbət haldır”.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Komandalar arasında Niderlandda baş tutan ilk matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.