27 iyul 2024. Şənbə

AZAD AGENT OLAN FUTBOLÇULAR - FOTOLAR


  • Transfer
  • 14:50 25.01.2024
  • Oxunma sayı: 157
AZAD AGENT OLAN FUTBOLÇULAR  - FOTOLAR

Azad agent statusu olan futbolçular haqqında bəhs etdikdə, heç şübhəsiz ki, ilk ağla gələn ad David De Xeadır. Almaniyanın məşhur “Transfermarkt” portalına görə, 8 milyon avro dəyərində qiymətləndirilən 33 yaşlı ispaniyalı qolkiper klubsuz futbolçular arasında ən bahalı oyunçudur. Bir zamanların ən yaxşı qapıçılarından hesab edilən De Xeanın hazırda boşda olması, doğrudan da, təəccüb doğurur.

90deqiqe.az xəbər verir ki, yetirməsi olduğu “Atletiko Madrid”də 4 il keçirdikdən sonra “Mançester Yunayted”ə transfer olunan ispaniyalı qolkiperin karyerasının əsas hissəsi də məhz bu klubla bağlıdı. David 12 il “qırmızı şeytanlar”ın formasını geyindi və bu müddətdə bütün turnirlərdə 545 matçda forma geyindi. 2011/2012-ci illər mövsümündə qazanılan çempionluqda və 2016/2017-ci illər mövsümündə əldə edilən UEFA Avropa Liqası zəfərində onun əvəzsiz əməyi var. 2014-2021-ci illər arasında İspaniya milli komandasının da şərəfini qoruyan çərçivə qoruyucusu milli karyerasını müxtəlif səbəblərdən elədə uğurlu adlandıra bilmərik. Doğrudur De Xea Mançesterdəki son illərində tez-tez səhvlərə yol verirdi və aldığı böyük məvacib qarşılığında bu çıxışını qəbul edilməz hesab etmək olardı. Amma onun bu dörvdəki performansı belə müəyyən səviyyədən aşağı düşmürdü. Bütün bunları nəzərə aldıqda David De Xeanın 2023-cü ilin yayından bəri klubsuz olması təəccüblü görünür.

İkinci ən bahalı klubsuz oyunçu isə başqa bir keçmiş “Mançester Yunayted”li Cessi Linqarddır. Doğma klubuna 11 ilini verən və 200-dən artıq oyuna çıxan Linqard heç vaxt “Qırmızı şeytanlar”ın önəmli futbolçularından birinə çevrilə bilmədi. Cessi daha çox idmandan kənar həyatı ilə gündəmə gəlirdi. Buna görə də ingiltərəli oyunçu 2022-ci ildə klubdan ayrıldıqda azarkeşlər buna elə də məyus olmadılar. Futbolçu son klubu olan “Nottinqem Forest”də cəmi 2 qolla yadda qaldı. Buna baxmayaraq Linqardı bacarıqsız oyunçu adlandıra bilmərik. 2021/2022-ci illər mövsümünün ikinci yarısını icarə əsasında “Vets Hem”də keçirən yarımmüdafiəçi 16 oyunda 9 qol vuraraq adından söz etdirmişdi. Bir çoxları onun bu performansı yenidən təkrarlaya biləcəyini düşünürlər. Klub tapa bilməyən Cessi keçən il hətta bütün menecerləri ilə müqaviləsini pozmuşdu. Maraqlıdır ki, son zamanlar Linqardın adı “Barselona” və MLS təmsilçiləri ilə hallanır.

 

Karlos Vela yanvarın 1-dən etibarən klubsuzdu. 34 yaşlı meksikalı hücumçunun son klubu “Los Anceles” olub. Peşəkar karyerasına 2005-ci ildə “Arsenal”da başlayan Vela London klubunda möhkəmlənə bilmədiyindən 6 fərqli komandaya icarəyə göndərilmişdi. Futbol ictimaiyyəti isə onu “Real Sosyedad” və ölkəsinin milli komandasındakı çıxışı ilə tanıyır. İspaniya klubunda 6 mövsüm keçirdikdən sonra Karlos Amerikaya yollandı. Onun “yeni qitə”dəki karyerasının da uğursuz olduğunu demək olmaz. Futbolçu bütün turnirlərdə 187 matçda 93 dəfə fərqlənə bildi. Ancaq Kaliforniya təmsilçisi onunla müqaviləni uzatmadı. Transfermarkt Velanı 2 milyon avro dəyərində qiymətləndirir.

Bir zamanlar Şkodran Mustafi Almaniyanın ən perspektivli müdafiəçilərindən biri hesab olunurdu və Bundestimin heyətində 2014 Dünya Çempionatını qazananlardan biri idi. Hazırda isə o “Levante”də keçirdiyi uğursuz iki ildən sonra yeni klub axtarmaqda çətinlik çəkir. Mustafinin karyerasında eniş hələ “Arsenal”da başlamışdı. Londonlular üçün son zamanlar tarixin ən pis dövründə komandanın əsas müdafiəçilərindən biri məhz Şkodran idi. “Topçular”ın heyətində başlayan qara zolaq onu “Şalke”də və “Levante”də izlədi. Hər iki klub aşağı liqaya yuvarlandı. Lakin Mustafinin cəmi 31 yaşı var. Xronik zədədən əziyyət çəkməyən bir futbolçunun belə erkən yaşda karyerasını sonlandıracağını gözləmək olmaz. Ancaq almaniyalının seçimi elə də çox deyil.

Adlarını çəkdiklərimizdən fərqli olaraq Ənvər El-Qazinin hələ 30 yaşı belə tamam olmayıb. Niderlandlı oyunçu bir zamanlar “Ayaks”da bərq vururdu və ondan gözləntilər də böyük idi. Ancaq sonrakı illərdə futbolçunun oyunundakı əvvəliki parlaqlıq itdi. Buna baxmayaraq onun adı hələ də yaxşı komandaların transfer siyahılarında idi. PSV-də özünü doğrulda bilməyən Ənvər ötən il “Maynts”a keçmişdi. Ancaq burda da vinqerin işləri elə də yaxşı getmədi. Noyabrda isə İsrail-Fələstin müharibəsi ilə bağlı siyasi mesajlar verən El-Qazi almaniya klubu tərəfindən əvvəlcə məşqlərdən uzaqlaşdırıldı, ardınca isə müqaviləsinə xitam verildi. 28 yaşlı futbolçunun karyerasını harda davam etdirəcəyi sual doğurur.

Bundan başqa Dieqo Kosta, Konstantinos Manolas, Roberto Soriano, Yunes Belhanda kimi futbolçular da, hazırda azad agent statusu daşıyırlar. Klubsuz oyunçuların böyük bir hissəsi karyeraların məntiqi yekunundadırsa, bəziləri bu idman növündə hələ son sözlərini deməyiblər. Görəsən bu qış transfer pəncərəsində onlardan hansısa özünü yeni komanda tapa biləcəkmi?







Media