- Millətlər liqası
- 01:39 15.11.2024
"Qrupdakı Slovakiyadan başqa, bütün komandaların bərabər səviyyəli olduğunu deyə bilərəm. Yəqin ki, bu amil matçlara marağı daha da artırır. Hər bir kollektivin 1-ci yer uğrunda mübarizə şansı var".
Corner.az-ın məlumatına görə, bunu futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.
3-cü qrupda ilk oyununu səfərdə Slovakiyaya qarşı keçirəcək kollektiv daha sonra evdə Azərbaycan millisi ilə üz-üzə gələcək. 61 yaşlı mütəxəssis təqvimə fikir verməyəcəklərini bildirib: "Düşünürəm ki, hər şey normaldır. Amma evdə başlamaq daha yaxşı olardı. Matçlara ciddi hazırlaşacağıq".
Kondratyev Azərbaycan yığmasının intizamlı komanda olduğunu söyləyib: "Bu ilin iyununda yoldaşlıq görüşündə onlara 1:2 hesabı ilə uduzduq. Bu, mənim yığmanın sükanı arxasında ilk oyunum idi. Təəssüf ki, son dəqiqələrdə öz səhvimizdən buraxdığımız qolla yenildik. Rəqibin heyətində Emin Mahmudov kimi lider var. Bütün oyunu o aparır. Komanda italiyalı baş məşqçinin (Canni De Byazini nəzərdə tutur - E.S) rəhbərliyi altında intizamlı çıxış edir. Futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışır. Maraqlı komandadır, topla oynamağı yaxşı bacarırlar. Bu, hələ SSRİ dövründən hamıya məlumdur. Heyətində texnikalı futbolçuları var".
Qeyd edək ki, Azərbaycan millisi Belarusla ilk oyununu iyunun 6-da səfərdə, ikinci matçını isə iyunun 13-də evdə keçirəcək. 3-cü qrupda Azərbaycan, Slovakiya və Belarusla yanaşı, Qazaxıstan / Moldova cütünün qalibi də yer alacaq.