Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri oyundan danışıb. Corner.az xəbər verir ki, rusiyalı mütəxəssis "Tengrinews" nəşrinə müsahibəsində 0:3 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:
“Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi. Son matçda Aleksandr Maroçkin avtoqolla yadda qaldı. İlk dəfə hansısa oyunda birinci qolu biz buraxdıq. Bəlkə də bütün bunların eyni qarşılaşmada baş verməsi yaxşı haldır. Müdafiəçi Nuralı Alip də qırmızı vərəqə aldı. Paltardəyişmə otağında və daha sonra Alipə dəstək oldum. Onun səhvi emosional boşluğun nəticəsidir".
Adiyev sonuncu qarşılaşmaya köklənmək sarıdan da problemlə üzləşdiklərini etiraf edib: "Belarusla matçdan sonra Azərbaycanla görüşə bir həftə qalsaydı, futbolçular özlərinə gələ bilərdi. Vacib qarşılaşmadan sonra Bakıya səfər etdik. Təbii ki, istənilən oyun vacibdir. Amma oyunçu üçün əsas vəzifəni yerinə yetirəndə belə matça köklənmək çox çətindir".
Xatırladaq ki, Qazaxıstan millisi qrup mərhələsini 13 xalla birinci pillədə başa vuraraq B Liqasına yüksəlib. Azərbaycan yığması isə 10 xalla ikinci olub.