- Millətlər liqası
- 22:02 23.09.2026
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo futbolçu karyerasını başa vurması ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı hücumçu karyerasının gələcəyi barədə danışıb.Ronaldo qarşısında iki əsas hədəfin olduğunu bildirib:
“Qarşıda iki vəzifəm var: Millətlər Liqasını qazanmaq və karyeramda 1000 qola çatmaq. Bunu vəsvəsəyə çevirmişəm? Xeyr. Çünki bunu vəsvəsəyə çevirsəniz, mənfi nəticələr yarana bilər”.
Portuqaliyalı ulduz mövsümün sonunda futbolçu karyerasını başa vurmasının mümkün olduğunu da istisna etməyib:
“Bu, mənim son ilim olacaq? Bilmirəm, amma ola bilər. Bədənim və zehnim imkan versə, hələ də formada olsam... Bunu bilmirəm”.
Ronaldo milli komandadakı yerini də şərh edib:
“Portuqaliya millisində oynamağa layiq olduğumu sübut edirəm. Bunu həm milli komandada, həm də klubumdakı qollarımla göstərmişəm. Milli komandada hər bir oyunçuya ehtiyacımız var”.
Təcrübəli futbolçu ehtiyatda qalacağı təqdirdə bununla bağlı problem yaşamayacağını da qeyd edib:
“Meydana çıxmağa tam hazıram. Əgər Jezus məni ehtiyatda saxlamağı qərara alsa, buna da hazıram. Oynamasam belə, problem yoxdur. Bu, baş məşqçinin məsuliyyətidir”.
Ronaldo media tərəfindən hədəfə alındığını düşündüyünü də bildirib:
“Bəzi kanalların mənə hücum etməkdən zövq aldığını çox yaxşı bilirəm. Amma bunun heç bir nəticəsi olmayacaq. Portuqaliya xalqı məni istəməsə, bu gündən etibarən gedə bilərəm. Mənim üçün heç bir problem yoxdur. Hətta prezident belə bunu desə, gedə bilərəm. Amma vəziyyət belə deyil”.
O, özünü tənqid edənlərə deyil, dəstək verənlərə diqqət yetirdiyini vurğulayıb:
“Məni sevməyənlərə deyil, məni sevən insanlara diqqət yetirirəm. Portuqaliya xalqından da böyük sevgi görürəm. Portuqaliyanı təmsil etmək qüruru mənim üçün digər bütün beynəlxalq futbolçuların yaşadığı hisslərdən daha böyükdür”.
Qeyd edək ki, Portuqaliya millisi sabah UEFA Millətlər Liqasının ilk turunda Uelslə qarşılaşacaq.