26 sentyabr 2026. Şənbə

İrlandiya millisinin futbolçuları İsrailə qarşı oyunda qara sarğı taxacaqlar


İrlandiya millisinin futbolçuları İsrailə qarşı oyunda qara sarğı taxacaqlar

İrlandiya millisinin futbolçuları UEFA Millətlər Liqasının İsrailə qarşı keçiriləcək oyununda Qəzzadakı münaqişədə həlak olanların xatirəsini yad etmək üçün qara sarğı taxacaqlar.

90deqiqe.Az-ın məlumatına görə, İrlandiya Futbol Federasiyasının (FAI) rəhbəri Devid Kurell mətbuat konfransında komandanın sentyabrın 27-də Macarıstanın Debretsen şəhərində İsrailə qarşı UEFA Millətlər Liqasının B Liqasının III qrupunda keçiriləcək oyuna çıxacağını təsdiqləyib.

Kurell bildirib ki, futbolçuların qarşılaşma ilə bağlı müəyyən tələbləri var:

“Futbolçular İsrailə qarşı oyunda qara sarğı taxaraq Qəzzadakı münaqişədə həyatını itirən bütün insanların xatirəsini yad etməyi planlaşdırırlar”.

FAI rəhbərinin sözlərinə görə, İrlandiya millisi matçdan əvvəlki mərasimin bəzi hissələrində iştirak etməyəcək. Həmçinin futbolçular İsraillə oyundan əldə edəcəkləri gəliri, federasiya isə Avstriya ilə qarşılaşmadan əldə olunan gəliri xeyriyyə təşkilatlarına bağışlayacaq.

Kurell bir futbolçunun İsrailə qarşı oyunda iştirak etməmək istəyini baş məşqçiyə çatdırdığını da təsdiqləyib.

“Bir futbolçumuz İsraillə keçiriləcək qarşılaşma ilə bağlı narahatlığını və heyətdən çıxmaq niyyətini baş məşqçimizə bildirib”.

İrlandiya millisinin futbolçuları İsrailə qarşı oyunların keçirilib-keçirilməməsi ilə bağlı səsvermə keçiriblər. Kurellin sözlərinə görə, səsvermədə qarşılaşmaların keçirilməsi lehinə çoxluq əldə olunub. FAI də oyunların keçirilməsi qərarının müxtəlif fikirlərə malik futbolçularla məsləhətləşmələrdən sonra qəbul edildiyini açıqlayıb.

Daha əvvəl İrlandiya millisinin yarımmüdafiəçisi Ceyson Nayt İsraillə oyunun keçirilməməli olduğunu düşündüyünü açıqlamışdı. Baş məşqçi Haymir Hallqimsson isə komandanın qarşılaşma ilə bağlı narahatlığını ifadə edərək “Biz soyqırımla oynamırıq, soyqırıma qarşı oynayırıq. İsrailə qarşı oynayırıq, İsraillə oynamırıq” deyib. Bu ifadə İsrail Futbol Assosiasiyasının tənqidinə səbəb olub.

İrlandiya və İsrail sentyabrın 27-də Debretsendə, oktyabrın 4-də isə Serbiyanın Baçka Topola şəhərində üz-üzə gələcəklər. FAI daha əvvəl bu oyunların keçirilməsi barədə qərarın iyul ayında keçirilən növbədənkənar ümumi yığıncaqda dəstəkləndiyini açıqlamışdı.







Millətlər liqası

Sloveniya və Şotlandiya 1 xalla kifayətləndi
  • Millətlər liqası
  • 19:03 26.09.2026
Sloveniya və Şotlandiya 1 xalla kifayətləndi
Misir Anqola ilə heç-heçə etdi
  • Millətlər liqası
  • 01:02 26.09.2026
Misir Anqola ilə heç-heçə etdi