- Millətlər liqası
- 23:24 02.10.2026
İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi 2006-cı il dünya çempionatının finalında Fransa ilə qarşılaşmanı xatırlayıb.
90deqiqe.Az-ın məlumatına görə, həmin oyunda İtaliyanın qolunu vuran Materatsi Fransa millisinin çox güclü olduğunu deyib.
“2006-cı il dünya çempionatında yadplanetlilərə qarşı oynayırdıq. Amma futbolda həmişə ən güclü komanda qalib gəlmir”, – deyə o, Trentoda keçirilən İdman Festivalında bildirib.
Materatsi 2010-cu ildə “İnter”in “Bavariya” üzərində 2:0 hesablı qələbəsi ilə başa çatan Çempionlar Liqasının finalından da danışıb.
“Mourinyodan finaldan əvvəl soruşdum: “Onlar necədir?” “Bavariya”nı nəzərdə tuturdum. O isə cavab verdi: “Sakit ol, meydana çıxacaqsan və biz 2:0 qalib gələcəyik”.
Qeyd edək ki, 2006-cı il dünya çempionatının finalında İtaliya və Fransa 1:1 hesablı heç-heçə edib. Penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələn İtaliya dünya çempionu olub.
Finalın ən yaddaqalan epizodlarından biri isə Zinəddin Zidanın Materatsiyə başla zərbə vuraraq meydandan qovulması olub.