- Millətlər liqası
- 00:47 04.10.2026
“Benfika”nın və Xorvatiya millisinin hücumçusu Franjo İvanoviç İngiltərəyə 0:7 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının III tur matçından sonra açıqlama verib.
90deqiqe.Az-ın “Index.hr"a istinadən məlumatına görə, futbolçu komandanın ağır məğlubiyyətinə izah tapmaqda çətinlik çəkdiyini bildirib.
“Düzünü desəm, bunun hər hansı izahı yoxdur. Bizim tərəfdən fəlakət idi. Onlar çox yaxşı oynadılar və yüksək səviyyədə çıxış etdilər. Biz isə pis göründük, ikili mübarizələri uduzduq, ümumiyyətlə, mübarizəyə girmədik. Çətin oyun oldu. Bütün görüş ərzində əziyyət çəkdik və çox pis təsir bağışladıq”, - deyə İvanoviç bildirib.
Xorvatiyalı hücumçu belə bir milli komanda görmədiyini vurğulayıb:
“Milli komandada çıxış etdiyim vaxtdan və izlədiyim bütün oyunlarda heç vaxt belə Xorvatiya görməmişəm. Hamımız üçün həqiqətən pis gün idi və mahiyyət etibarilə deyəcək sözüm yoxdur. İngiltərədən yeddi qol buraxmağımız mümkün deyil. Belə şey bizim başımıza gəlməməlidir. Həqiqətən deyəcək sözüm yoxdur. Yeganə yaxşı məqam odur ki, üç gün sonra İspaniya ilə oyunda hər şeyi düzəldə bilərik. Bütün gücümüzü ortaya qoyacağıq”.
Qeyd edək ki, Xorvatiya 3 xalla qrupda üçüncü pillədə qərarlaşıb. Komanda növbəti matçını oktyabrın 6-da İspaniyaya qarşı keçirəcək.