- Millətlər liqası
- 00:50 04.10.2026
UEFA Millətlər Liqasının A Liqasının III turunda İspaniya millisi Çexiyanı 3:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Oviedoda yerləşən “Nuevo Carlos Tartiere” stadionunda keçirilən qarşılaşmada hesabı 6-cı dəqiqədə Lamin Yamal açıb. 35-ci dəqiqədə Rodri fərqi iki topa çatdırıb.
Çexiya 69-cu dəqiqədə Yirji Slamanın qolu ilə fərqi azaldıb. Lakin 85-ci dəqiqədə Çexiya millisinin kapitanı Ladislav Kreyiçi ikinci sarı vərəqə alaraq meydandan qovulub.
İspaniya azlıqda qalan rəqibinin qapısına 89-cu dəqiqədə daha bir qol vurub. Mikel Merino yekun hesabı müəyyənləşdirib – 3:1.
Bu qələbədən sonra İspaniya 3 oyundan 9 xal toplayaraq qrupun lideridir. Çexiya isə keçirdiyi üç görüşdə xal qazana bilməyib və sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar ötən mövsümün finalında İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Portuqaliya Millətlər Liqasının tarixində iki dəfə çempion olub.