- Millətlər liqası
- 01:55 07.10.2026
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasında Xorvatiyaya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis rəqibin güclü komanda olduğunu bildirib və Xorvatiyanın İngiltərəyə 0:7 hesablı məğlubiyyətini futbol təsadüfü kimi qiymətləndirib.
“Bu, möhtəşəm futbolçulara sahib möhtəşəm komandadır. Son oyunda baş verənlər futbol təsadüfüdür. Eynilə 2014-cü il dünya çempionatında Braziliyanın 1:7 hesabı ilə uduzması və ya Almaniyanın İspaniyaya 0:6 məğlubiyyəti kimi.
Biz bütün bu müddətdə necə oynamışıqsa, elə də davam etmək istəyirik. Qarşımızda çox motivasiyalı komanda olacaq, amma biz də buna uyğun köklənmişik.
Belə atmosferdə oynamaq xoşumuza gəlir. Əminəm ki, möhtəşəm olacaq. Tribunaların emosiyalarını hiss etməyi sevirəm – istər səni dəstəkləsinlər, istərsə də sənə qarşı olsunlar. Bu, futbolçunu hər zaman motivasiya edir”, - deyə de la Fuente mətbuat konfransında bildirib.
Qeyd edək ki, Xorvatiya millisi daha əvvəl tarixinin ən böyük hesablı məğlubiyyətini alıb. Oktyabrın 3-də komanda İngiltərəyə 0:7 hesabı ilə uduzub.