- Millətlər liqası
- 00:58 06.10.2026
UEFA Millətlər Liqasının A Liqasında qrup mərhələsinin IV turunda Fransa və Belçika milliləri qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Fransanın Sen-Deni şəhərindəki “Stad de Frans” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın baş hakimi şotlandiyalı Nik Uolş olub.
Qarşılaşmada hesabı 35-ci dəqiqədə Belçika millisinin yarımmüdafiəçisi Dodi Lukebakio açıb.
Fransa 77-ci dəqiqədə hesabı bərabərləşdirib. Meydan sahiblərinin hücumçusu Desiré Doue fərqlənib. Cəmi dörd dəqiqə sonra Rayan Şerki Fransa millisinin ikinci qolunu vuraraq komandasını önə keçirib.
88-ci dəqiqədə Maykl Olise hesabı 3:1-ə çatdırıb. O, 90+1-ci dəqiqədə yenidən fərqlənərək dubl edib və qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 4:1.
Bu nəticədən sonra Fransa millisi 4 oyunda 10 xal toplayaraq 1-ci qrupun turnir cədvəlində liderliyini qoruyub. Belçika isə 6 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqallar ötən mövsümün finalında İspaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan matçdan sonra penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər.
Portuqaliya millisi bununla da Millətlər Liqasının tarixində ikinci dəfə turnirin qalibi olub.