- Millətlər liqası
- 01:17 10.10.2026
UEFA azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli davranışlarına görə Serbiya millisini növbəti ev oyununu azarkeşsiz keçirməyə məcbur edib.
90deqiqe.Az-ın məlumatına görə, Serbiya Futbol İttifaqı Millətlər Liqasında baş verən qayda pozuntularına görə ümumilikdə cərimələrə də məruz qalıb.
Sentyabrın 24-də Yunanıstan, 27-də isə Niderlandla keçirilən oyunlardakı insidentlərə görə federasiya 89,5 min avro cərimələnib. Bu məbləğin 50 min avrosu irqçilik və ayrı-seçkiliyə, 22,5 min avrosu qeyri-münasib mesajlara, 15 min avrosu azarkeşlərin meydana daxil olmasına, 2 min avrosu isə pirotexniki vasitələrdən istifadəyə görə tətbiq edilib.
Oktyabrın 4-də Niderlandla keçirilən matçdan sonra UEFA əlavə sanksiyalar da müəyyənləşdirib. Serbiya Futbol İttifaqı irqçilik və ayrı-seçkiliyə görə 20 min avro, qeyri-münasib mesajlara görə isə daha 20 min avro cərimələnib. Bundan başqa, komandanın səfər oyunlarından birinə bilet satışına ikiillik sınaq müddəti ilə şərti qadağa qoyulub.
Beləliklə, noyabrın 13-də Serbiya millisi Almaniyanı azarkeşsiz stadionda qəbul edəcək.
Qeyd edək ki, ardıcıl dörd məğlubiyyət alan Serbiya Millətlər Liqasının A2 qrupunda sonuncu pillədə qərarlaşıb.