6 noyabr 2026. Cümə

“Fulhem”in gənc futbolçusu İngiltərə millisindən ilk dəvətini aldı


“Fulhem”in gənc futbolçusu İngiltərə millisindən ilk dəvətini aldı

“Fulhem”in baş məşqçisi Alvaro Arbeloa 19 yaşlı yarımmüdafiəçi Coş Kinqin İngiltərə millisinin əsas komandasına ilk dəfə dəvət almasını şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, Arbeloa bu hadisənin həm futbolçu, həm klub, həm də azarkeşlər üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Bu, onun, klubumuzun və əlbəttə ki, azarkeşlərimizin həyatında xüsusi məqamdır. Coş klubumuzun və tərəfdarlarımızın fəxridir. O, səkkiz yaşında bizim akademiyaya qoşulub. İndi onun oyununu və çıxışlarını izlədikcə böyük qürur hissi keçiririk. Bu, karyerasında mühüm addımdır. Çox təvazökar oğlan olduğu üçün onun adına həqiqətən sevinirəm”, – deyə mütəxəssis Sky Sports-a bildirib.

Baş məşqçi gənc yarımmüdafiəçinin daim inkişaf etməyə çalışdığını da vurğulayıb:

“O, hər gün daha yaxşı olmaq üçün çalışır, çox zəhmət çəkir və daim irəliləmək istəyir. Düşünürəm ki, bu, həm onun, həm də hamımız üçün xüsusi gündür. Onun dünya futbolunda ulduza və çox vacib oyunçuya çevrilmək potensialı var. Onunla işlədiyimə, inkişafına və indiki səviyyəyə çatmasına kömək etdiyimə görə xoşbəxtəm. Amma təvazökarlığını qoruması vacibdir”.

Qeyd edək ki, “Fulhem” akademiyasının yetirməsi olan Kinq Bobbi Zamoradan sonra London klubunun İngiltərə millisinin əsas komandasına çağırılan ilk meydan oyunçusudur.

Əlavə edək ki, millinin baş məşqçisi Tomas Tuxel gənc futbolçunu Xorvatiya və İspaniya ilə Millətlər Liqasının qarşıdakı oyunları üçün heyətə daxil edib.

İngiltərə millisi noyabrın 12-də Xorvatiya ilə qarşılaşacaq.







Millətlər liqası

"Kəpəz"in futbolçusu yığmaya dəvət alıb
  • Millətlər liqası
  • 15:00 05.11.2026
"Kəpəz"in futbolçusu yığmaya dəvət alıb