10 noyabr 2026. Çərşənbə axşamı

“Messi və Ronaldo hər kəs üçün nümunədir”


“Messi və Ronaldo hər kəs üçün nümunədir”

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente Lionel Messi və Kriştiano Ronaldonun dünya futboluna verdiyi töhfələri yüksək qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis "EFE" informasiya agentliyinə müsahibəsində bildirib.

“Onların ən böyük pərəstişkarlarından biriyəm. Xüsusilə də idmana və bütövlükdə cəmiyyətə gətirdikləri dəyərlərə, prinsiplərə böyük hörmət bəsləyirəm. Onlar futbolda hər kəs üçün nümunə olublar”

De la Fuente iki ulduz futbolçunun qazandıqları bütün uğurlara baxmayaraq, qələbələrə can atmaqdan heç vaxt vaz keçmədiklərini vurğulayıb:

“Onlar hər şeyə nail olsalar da, qələbə uğrunda mübarizəni davam etdiriblər. Onlardan biri 39, digəri isə 41 yaşında bunu bacarıb. Messi və Ronaldo peşəkarlıq, davranış və idman etikası baxımından əsl nümunəyə çevriliblər”.

Qeyd edək ki, Lionel Messi Argentina millisinin heyətində 208 oyun keçirib və 126 qol vurub. Kriştiano Ronaldonun isə Portuqaliya yığmasının formasında 234 matçda 146 qolu var.







Millətlər liqası