- Millətlər liqası
- 23:56 14.11.2026
Belçika millisinin baş məşqçisi Mark van Bommel UEFA Millətlər Liqasında İtaliya ilə keçiriləcək oyun öncəsi rəqib komandanın inkişafını yüksək qiymətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Van Bommel bildirib ki, İtaliya ilk oyundakı komanda ilə müqayisədə xeyli dəyişib və qısa müddətdə ciddi inkişaf yolu keçib.
“Bu, ilk matçda qarşılaşdığımız İtaliya deyil. Komanda daha bütöv təsir bağışlayır və qısa müddətdə xeyli inkişaf edib. Fransanı təsadüfən məğlub etmək mümkün deyil”, – deyə belçikalı mütəxəssis mətbuat konfransında bildirib.
Belçika millisinin baş məşqçisi qarşıdakı görüşün turnirdəki taleyə təsir baxımından vacib olduğunu vurğulasa da, bu matçı final hesab etmədiyini söyləyib.
“Bu, final deyil. Söhbət hansısa kuboku qazanmaqdan yox, növbəti mərhələyə yüksəlib-yüksəlməyəcəyimizdən gedir. Mən bu qarşılaşmanı daha çox mübarizədən kənarlaşdırılma oyunu adlandırardım. Bu, həm də yaxşı sınaqdır. Çünki Avropa çempionatında da oxşar vəziyyətlərlə qarşılaşmalı olursan.
Qələbədən sonra bu oyuna daha inamlı hazırlaşırıq. Son nəticə oyun sistemimizi tətbiq etmək baxımından bizə əlavə güvən verir. İtaliyanın müəyyən üstünlüyü var: onlara heç-heçə də sərf edir. Lakin bu vəziyyət müəyyən tərəddüdlərə də səbəb ola bilər. Biz isə harada oynamağımızdan asılı olmayaraq, hər zaman qələbə qazanmağa çalışırıq”, – deyə van Bommel qeyd edib.
Qeyd edək ki, tərəflər arasında qarşılaşma noyabrın 15-də baş tutacaq. Turnir cədvəlində İtaliya və Fransa millilərinin hərəsinin 10 xalı var. Belçika 9 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə millisinin isə xalı yoxdur.