- Millətlər liqası
- 00:07 17.11.2026
Macarıstan millisinin baş məşqçisi Marko Rossi “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslainin səhhətində heç bir problemin olmadığını və növbəti matçda meydana çıxmağa hazır olduğunu bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Rossi “The Mirror” nəşrinə açıqlamasında futbolçunun hazırkı vəziyyətini belə şərh edib:
“Onun hər hansı problem yaşadığını gördünüz? Mən Dominikdə heç bir problem müşahidə etmədim. O, həmişəki kimi oynadı. Buna görə də bizim üçün hər şey qaydasındadır – o, oyuna hazırdır. Gürcüstanla matçdakı çıxışından narazı qalmağımız üçün heç bir əsas görmürəm”.
Qeyd edək ki, Macarıstan millisi çərşənbə axşamı Millətlər Liqasının qrup mərhələsinin son turunda Şimali İrlandiya ilə qarşılaşacaq.
Soboslai millilərin oyunları ilə əlaqədar fasilədən əvvəl “Kristal Pelas”la matçda (3:1) dizindən yüngül zədə alıb. Buna baxmayaraq, futbolçu yığmanın düşərgəsinə qoşulub. Gürcüstanla görüşdən (2:0) əvvəl isə yarımmüdafiəçi həmin matçda iştirakdan imtina etməyə çox yaxın olduğunu etiraf edib.
Soboslai bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə keçirdiyi 11 oyunda üç qol vurub və bir məhsuldar ötürmə verib.