Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.
Corner.az Goal.az-a xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv Norveç yığmasına uduzub. Albaniyanın Luşnya şəhərindəki "Roza Haxhiu" stadionunda baş tutan oyun skandinaviyalıların 4:1 hesablı qələbəsi ilə nəticələnib.
Rəqib komandanın heyətində Herman Geelmuyden, Robin Skrogstad, Fredrix Oppegard və Nils Vallotto müvafiq olara 18, 19, 21 və 71-ci dəqiqələrdə fərqləniblər. Millinin yeganə qoluna 89-cu dəqiqədə Azərbaycanın əsas milli komandasının və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.
8-ci qrupun digər oyunu hazırda Albaniya və Çexiya yığmaları arasında keçirilir.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 26-da Çexiya, oktyabrın 29-da Albaniya ilə qarşılaşacaq.