- Milli komanda
- 14:00 14.11.2024
"Uzun müddətdən sonra milli komandaya dəvət almaq sevindiricidir. Mənim üçün gözlənilməz oldu, bunu heç gözləmirdim. Çox sevinirəm".
Corner.az xəbər verir ki, bu fikirləri 4 ildən sonra Azərbaycan yığmasına çağırılan "Səbail"in futbolçusu Adil Nağıyev deyib.
25 yaşlı müdafiəçi milli üçün əlindən gələni artıqlaması ilə etməyə hazır olduğunu bildirib. Nağıyev deyib ki, bu komandanın şərəfini qorumaq fərqli hissdir: "Arzu edirəm ki, bu, istəyən hər kəsə qismət olsun".
Müdafiəçinin sözlərinə görə, "Səbail"də daim start heyətdə çıxması yeni baş məşqçi Canni De Byazi tərəfindən milliyə çağırılmasına kömək edib: "Öz komandamda müntəzəm olaraq, "11-lik"də çıxış edirəm. Hər bir baş məşqçinin öz fikri var. Bəlkə hansısa mütəxəssisin sisteminə uyğun gəlirəm. Ötən 4 ildə baş məşqçilər məni yığmaya dəvət etməyiblər. Bu da ola bilsin, onların öz oyun üslublarından irəli gəlib".
Nağıyev Lüksemburq və Kiprlə matçlarda nəticə qazana biləcəklərini də iddia edib: "Hər bir komandaya qarşı oynamaq mümkündür. Uzun müddətdən sonra yığmanın formasını geyinəcəyəm. Lüksemburq və Kipr üzərində qələbə qazana bilərik".
Qeyd edək ki, Lüksemburqla görüş sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Azərbaycan millisi Kiprlə bundan 3 gün sonra Nikosiyada GSP stadionunda qarşılaşacaq. Adil Nağıyev ilk dəfə 2016-cı ildə Andorra ilə yoldaşlıq matçında Azərbaycan millisinin formasını geyinib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.(report)