- Milli komanda
- 14:00 14.11.2024
"Çətin dövr yaşayırıq. Azərbaycan üçün qeyri-adi vəziyyətdir. Buna baxmayaraq, maksimum dərəcədə konsentrasiyalı olmağa çalışırıq. Sabahkı oyun bizim üçün vacibdir. Qrup birincisi olmaq istəyiriksə, yaxşı nəticə qazanmalıyıq".
Corner.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Monteneqro ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
63 yaşlı italiyalı mütəxəssis start heyəti bugünkü məşqdən sonra müəyyənləşdirəcəyini bildirib. Onun fikrincə, Monteneqro böyük keyfiyyətlərə malik komandadır: "Çoxlu oyunçuları xaricdə çıxış edir, təcrübəli və gənclərdən ibarət heyətə malikdirlər. İki oyunda balansı qorumağa çalışacağıq. Kim etibarlı çıxış etsə, növbəti oyunda da yer alacaq. Rəqibi yaxşı analiz etmişik. Kim az səhvə yol versə, o da qalib gələcək".
De Byazi futbolçuların cəbhədə baş verənlərlə bağlı narahat olduğunu sözlərinə əlavə edib: "Fikrimcə, buna ən yaxşı cavab gözəl oyun göstərib, Azərbaycan bayrağını qaldırmaq olar".
Baş məşqçi həmçinin bildirib ki, zədəli Əli Qurbaninin durumuna bu gün və sabahkı məşqdən sonra aydınlıq gələcək.