Xorvatiyalı futbolçu millimizə qarşı oynamayacaq
AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Xorvatiya yığması növbəti ciddi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, millinin baş məşqçisi Zlatko Daliç martda Azərbaycan və Slovakiya ilə matçlarda komandanın aparıcı oyunçusu Şime Vrsalkonun xidmətindən yararlana bilməyəcək. Dizindəki zədəyə görə əməliyyat olunacaq 27 yaşlı futbolçunun təxminən 6-8 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu isə o deməkdir ki, müdafiəçi üçün mövsüm artıq başa çatıb. Hətta zədə probleminə görə “İnter” bu ilin yayına qədər icarəyə götürdüyü Vrsalkonu vaxtından əvvəl müqavilə ilə məxsus olduğu “Atletiko”ya qaytarmağa qərar verib.Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də keçiriləcək. Xorvatların digər aparıcı müdafiəçisi Deyan Lovren isə cəza səbəbindən yığmamıza qarşı oynamayacaq.(qol.az)