Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova yığması ilə qarşılaşan millimiz 5:1 hesablı qələbə qazanıb.
Corner.az xəbər verir ki, oyun zamanı həm qol vuran, həm də məhsuldar ötürmə ilə yadda qalan Hadi Ahmadi federasiyanın rəsmi saytına açıqlama verib:
“Qələbə qazanacağımıza inanırdıq. Komanda şəklində əla oynadıq. Uşaqlar əllərindən gələni etdilər ki, uğur qazanaq. Məncə, yekun istədiyimiz kimi oldu”.
Hesabın oyuna görə olduğunu deyən hücumçu startda bir qədər çətinlik çəkdiklərini deyib: “Oyunun əvvəlində bir qədər çətinlik çəkdik. Rəqib pressinq edirdi. Ancaq uşaqlar baş məşqçinin tapşırdığı kimi oynadı. Biz qol vurduqca, onlar açılmağa başladılar. Yəni müdafiə olunmağı hücum etməklə əvəzlədilər. Bu da bizim işimizə yaradı. Hesab da oyuna görə oldu”.
Millidə ilk qolunu vuran hücumçu bunu Allahın lütfü hesab edib: “Azərbaycan millisinin forması ilə ilk qolum idi. Bu Allahın bir lütfu, hədiyyəsi oldu. Qələbəni yalnız mənim vurduğum qol qazandırmadı. Komanda olaraq əziyyət çəkdik, mübarizə apardıq və yekunda məqsədimizə nail olduq. Baş məşqçi də mənə daha çox şans verdi”.
Məhsuldar ötürmə ilə də yadda qalan forvard fərqlənməyin daha çətin olduğunu qabardıb: “Qol vurmaq daha çətindir. Həm də həmin anda düzgün qərar qəbul etmək vacibdir. Əgər səndən daha yaxşı mövqedə komanda yoldaşın varsa, niyə ötürmə etməyəsən. Komanda oyununda fərd olaraq özümüzü deyil, kollektivi düşünməliyik”.
Ahmadi cavab oyununa da 3 xal qazanmaq üçün gedəcəklərini deyib: “Səfərdəki oyun daha çətin keçəcək. Rafael Vilela da cəzalı vəziyyətə düşüb və bu görüşdə iştirak etməyəcək. Çətinlik yarada bilər, ancaq digər komanda yoldaşlarım da yaxşı formadadırlar. Bu şəkildə oyunumuzu davam etdirsək, Kişinyovdan da qələbə ilə dönəcəyik və bu yarışı zirvədə başa vuracağıq”.