- Milli komanda
- 14:00 14.11.2024
“Əvvəldə bir qədər çətinlik yaşadıq. Ancaq oyuna başlayan “dördlüy”ümüz yaxşı müdafiə olundu. Əslində, həmin “dördlük” güclü oyunçularımızdan qurulub. Onlar tapşırıqları yerinə yetirdilər”.
Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futzalçısı Fineo De Araujo evdə Moldova yığmasına 5:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə qrup oyunundan sonra azfutzal.az-a açıqlamasında deyib.
İlk qolun müəllifi bütün topların ikinci "dördlük" tərəfindən vurulduğunu xatırladıb. O, dəyişikliyin oyunu daha da inkişaf etdirdiyini vurğulayıb: “İkinci “dördlük” də işinin öhdəsindən gəldi. Müdafiə ilə bərabər, hücumlar qurduq. Nəticədə hesabı açdıq. Əlbəttə, bu qələbə komanda əməyinin məhsuludur”.
Hücumçu millidə sonuncu qolunu illər əvvəl yoldaşlıq matçında vurduğunu, dönüşünü yenidən qolla qeyd etməyin isə psixoloji baxımdan əlavə üstünlük qazandırdığını bildirib: "Latviya ilə yoldaşlıq oyununda qol vurmuşdum. Ondan sonra zədələndim, toplanışlarda və millinin görüşlərində iştirak edə bilmədim. Əlbəttə, dönüşünü qolla qeyd etmək müsbət emosiya yaradır. Bu səviyyəyə çatmağımda millinin həkiminə, fizioterapevtinə təşəkkür edirəm. Baş məşqçi şans verdi və mən də üzərimə düşəni etdim".
Araujo “hesabla oyun düz mütənasib təşkil edirmi” sualına belə cavab verib: “Təbii ki, hər bir oyundan əvvəl görüşə maksimum konsantrasiya olmağa, rəqibi kiçiltməməyə çalışırsan. Moldovanın xüsusən Slovakiya ilə oyunda qollu heç-heçə etməsi bizi də düşündürürdü. Top fərqinin bu qədər olması asan qələbə qazandığımız anlamına gəlməməlidir. Ancaq bir neçə epizod oldu ki, onları da qola çevirməli idik”.
Növbəti oyun haqqında da nikbin danışan futzalçı diqqətli olmağın vacibliyini vurğulayıb: “Rafael Vilela cəzalı vəziyyətə düşüb, bizim üçün çətin olacaq. O, həqiqətən də güclü oyunçudur. Fərqli görüş olacaq. Biz bu dəfə qonaq qismində meydana çıxacağıq. Bakıdakından da yaxşı oynamalıyıq. Məqsəd isə dəyişməyəcək – səfərdən 3 xalla dönməliyik”.