22 oktyabr 2024. Çərşənbə axşamı

"Zirə"nin qapıçısı: "Bizi qələbədən başqa heç bir şey qane etmir"


"Zirə"nin qapıçısı: "Bizi qələbədən başqa heç bir şey qane etmir"

"Oyuna komanda şəklində yaxşı köklənmişdik. Bilirdik ki, qələbədən başqa heç bir nəticə bizi qane etməyəcək".

Bunu "Report"a açıqlamasında "Zirə"nin qapıçısı Kamal Bayramov Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib. 

34 yaşlı qolkiper ötən tur evdə "Sabah"a 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmaya da yaxşı kökləndiklərini vurğulayıb: "Buna baxmayaraq, bəlkə də həddindən artıq matça köklənməyimiz bizi yandırdı. Azarkeşlərimizin önündə çempionata qələbə ilə start vermək istərdik. Alınmadı. "Səbail"lə oyunda isə daha diqqətli olduq və görüşə daha ciddi hazırlaşdıq. Bu matçda da səhvlərimizin olmasına baxmayaraq, oyundan-oyuna onları aradan qaldırmağa çalışacağıq".

Təcrübəli oyunçu "Səbail"in qol epizodlarından istifadə edə bilməməsinə də toxunub: "Hamısı futbolda olan şeylərdir. Qol epizodları yarana və top dirəyə də dəyə bilər. Birinci hissədə daha üstün idik. İkinci yarıda isə hesabda irəlidə olmağımız bir az ehtiyatlı davranmağımızla nəticələndi. Rəqib üçün təhlükəli qol epizodları yaratdıq. Bütün bunların hamısını analiz edəcəyik. İnanıram ki, gələcək matçlarda bu səhvləri etməyəcəyik. Hazırda durumumuz elədir ki, qələbə olanda o qədər də sevinə bilmirik. "Zirə"nin bundan öncəki illərdə layiq olduğu yerlər var idi. Çalışırıq ki, komandanı həmin pillələrə yüksəldək. Komandanın bütün üzvləri klubun uğurları üçün çalışır. Əlimizdən gəldiyi qədər yuxarı pillələrə qalxmaq istəyirik".

Bayramov qəsəbə təmsilçisinə yeni qoşulan hücumçuların çıxışlarını da dəyərləndirib: "Onların uyğunlaşması üçün müəyyən vaxt lazımdır. Xulio Rodrigez "Zirə"də keçirdiyi ikinci oyunda fərqləndi. Bu isə yaxşı göstəricidir. İnanıram ki, yaxın günlərdə tam olaraq kollektivə uyğunlaşarlar".

Kapitan son olaraq, Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi" ilə keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb: "Çempionatın liderinə qarşı öz meydanımızda oynayacağıq. Əlimizdən gələn qədər də mübarizə aparacağıq. Həmin qarşılaşmaya da qələbə üçün çıxacağıq. "Neftçi" və ya digər komandaların olması bizim üçün fərq etmir. Bir amalımız var: Bizi qələbədən başqa heç bir şey qane etmir".







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"