- Milli komanda
- 14:00 14.11.2024
"Təəssüratlarım, əlbəttə ki, müsbətdir. Yığmaya ilk dəfə qoşulanda harada olduğumu və eyni meydanda kimlərlə oynayacağımı yaxşı dərk etmirdim. Evdə isə artıq şüur öz yerinə qayıdır".
Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev "terrikon.com" saytına açıqlamasında yığmadakı debütü barədə danışarkən deyib.
Ukrayna "Minay"ında çıxış edən 25 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiya kimi rəqiblərə qarşı oynamağın yaxşı təcrübə olduğunu bildirib: "Emosiyalar azaldıqca, Kriştianu Ronaldu, Brunu Fernandeş, Duşan Tadiç, ümumiyyətlə, Portuqaliya və Serbiya kimi yığmalara qarşı oynamağın nə qədər şərəfli və xoş olduğunu başa düşdüm. Bu, mənim üçün çox yaxşı təcrübə oldu. Ronaldo haqqında nə deyə bilərəm? Onu izləmək maraqlı idi. O, böyük nailiyyətləri və titulları olan futbolçudur. Ronaldoya qarşı oynamaq xoş idi".
Nuriyev hər qarşılaşmada fərqli mövqelərdə oynadığını söyləyib: "Portuqaliya ilə görüşdə sol cinah yarımmüdafiəçisi, Qətərlə matçda hücumçunun arxasında, Serbiya ilə oyunda isə 2-ci forvard kimi çıxış etdim. Sonuncu variantı daha çox bəyənirəm və baş məşqçi də məni bu mövqedə görür".
Futbolçu A qrupundakı ən çətin matçın serbiyalılara qarşı olduğunu vurğulayıb: "İlk hissədə biz qaçır, müdafiə olunurduq. İkinci yarıda isə oyunu bərabərləşdirdik. Topa daha çox sahib olmağa və hücumlar qurmağa başladıq. Xal qazanmağa yaxın olsaq da, görüş çox ağır keçdi".
Nuriyev Portuqaliya yığması ilə üz-üzə gəldikləri "Yuventus"un Allianz satdionunu xüsusi fərqləndirib: "Çox yığcam və rahat idi. Debretsendəki arena və Bakı Olimpiya Stadionu da xoşuma gəldi. Sonuncuda ot örtüyü sadəcə möhtəşəm idi".
Forvard yenidən Azərbaycan millisinə çağırılacağına ümid etdiyini bildirib: "İnanıram ki, dəvət üçün bundan sonra da yaxşı oyun nümayiş etdirəcəyəm".