“Futbola canı yanan hər kəs millinin nəticəsinə baxanda kədərlənir. Biz özümüz də xoş hisslər keçirmirik”. Corner.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Funksioner deyib ki, Malta və Latviya yığmalarına qarşı keçirilmiş matçlardakı məğlubiyyət yolverilməzdir: "Belə olmamalıdır. Düzdür, yoldaşlıq matçları idi. Baş məşqçi rotasiyalar etmək istəyirdi. Canni De Byazi optimal heyəti müəyyənləşdirmək üçün yığmaya legionerlər dəvət etmişdi. Amma bu cür nəticələr qəbulolunmazdır. İnanırıq ki, De Byazi artıq beynində optimal heyəti qurub. UEFA Millətlər Liqasında başqa nəticələrə ümid edirik".
O, milli komandada mümkün baş məşqçi dəyişikliyinə və yerli mütəxəssisin təyinatına da toxunub: "Bu məsələlər müxtəlif vaxtlarda müzakirə olunub. Hazırda bunun hansı səviyyədə olduğunu deyə bilmərəm. Şəxsi fikrim belədir ki, hazırda Azərbaycanda yüksək standartlara cavab verən yaxşı mütəxəssislər var. AFFA rəhbərliyi səviyyəsində hansısa danışıqların aparıldığı barədə bir söz deyə bilmərəm. Çünki əsas diqqət Millətlər Liqası ilə bağlıdır. Mütləq qrupda birinci yeri tutmalıyıq".