Moldova yığması ilə səfər oyunu futbol üzrə Azərbaycan milli komandası üçün əlamətdar olub. Corner.az xəbər verir ki, komandamız tarixində ilk dəfə ardıcıl 4-cü matçından qalib ayrılıb.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv bundan əvvəl UEFA Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstan (3:0) yığmalarını məğlub etmişdi.
Bu oyun “Sabah”ın futbolçusu Aleksey İsayev üçün də əlamətdar olub. 27 yaşlı yarımmüdafiəçi Azərbaycan millisində qol hesabını açıb. 42-ci dəqiqədə rəqib qapısına yol tapan təcrübəli oyunçu bunu yubiley - 10-cu görüşündə bacarıb.
Emin Mahmudov isə Azərbaycan milli komandasının heyətində ən çox qol vuran futbolçuların sıralamasında ikinci pilləyə şərik olub. Moldova ilə oyunun 28-ci dəqiqəsində fərqlənən “Neftçi”nin yarımmüdafiəçisi yığmada ümumilikdə 9-cu qoluna sevinib. Milli forma ilə 35-ci matçında bunu bacaran Mahmudov komandanın keçmiş hücumçusu Vaqif Cavadova çatıb.
Milli komandada qol rekordu hazırda "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanova məxsusdur. O, yığmanın formasında 14 dəfə rəqibləri məyus edib.